Gündəm 

Dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeri

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin yeni müharibə metod və taktika nümunəsini bütün dünyaya nümayiş etdirdi

Sona çatmaqda olan 2020-ci il Azərbaycanın taleyinə yazılmış 44 günlük Vətən müharibəsi və qazanılan tarixi Zəfərlə yadda qaldı. Qürurla deməliyik ki, II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq tarixi əhəmiyyətli hadisəyə çevrildi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar Ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin Şanlı Zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.

Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Bu gün özünə, qələbə əzminə inanan şanlı Azərbaycan ­Ordusu işğalçı ölkənin bütün təxribatlarına lazımınca cavab verdi, ona layiq olduğu yeri göstərdi. Belə ki, 2016- cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Azərbaycanın ön cəbhə xəttində yerləşən mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq ordumuzun bölmələrinin əks-həmləsi Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Bu tarixi qələbə nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yerləşən bəzi mövqelər düşməndən azad olundu. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şərur rayonunun Günnüt kəndinin 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin növbəti göstəricisidir. Hələ Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını nümayiş etdirmişdi.

Son aylar erməni hərbi təxribatının artmasını diqqətlə müşahidə edirdik.  Görünən odur ki, qüdrətli və əzmkar Azərbaycan Ordusunun  qətiyyətini,  döyüş məharətini,  işğalçılara nümayiş etdirdiyi hərbi dərsdən heç bir nəticə çıxarmayan  Ermənistan və havadarları  məkrli təxribat  əməllərinə yorulmadan davam edirlər. Cari ilin  iyulun 12-dən başlayaraq  Tovuz istiqamətində yeni ərazilərimizi işğal etmək niyyəti ilə hücuma keçən Ermənistan ordusu ön cəbhədəki hərbi qüvvələrimizin inadlı müqaviməti və sərt zərbələri ilə qarşılaşdı və burnu əzilərək geri oturduldu.

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun törətməyə çalışdığı təxribat da bu terror zəncirinin növbəti halqası idi. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır.  Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel, Günnüt, Tovuz döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi.

Həyasızlıqda sərhəd tanımayan Ermənistan və onun “ordusunun” yaxın keçmişdə aldığı tutarlı hərbi dərsdən nəticə çıxarmayaraq növbəti dəfə sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Başqa ölkələrin gücünə arxalanan təcavüzkar Ermənistan bu dəfə canını asanlıqla qurtara bilmədi. Vicdansızlıq, haqsızlıq, içi boş bəyanatlar bu dəfə onların imdadına çatmadı. Çünki artıq haqq-ədalət danışırdı. Əzmkar Ordumuz torpaqlarımızın azadlığı uğrunda zəfər döyüşünə başladı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibə gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Bu, Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlü­yünü güc yolu ilə bərpa edən, 30 ildən bəri Vətən həsrəti ilə yaşa­yan 1 milyona yaxın insanın nisgilinə son qoyan tarixi qələbəsidir. Beləliklə, Silahlı Qüvvələrimiz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.  Azərbaycan Silahlı Qüvvələri bu möhtəşəm qələbəni döyüş meydanın­da qazandı. 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonla­rı, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri qanlı döyüşlərlə azad edildi. Bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edildi. Ermənistanın Qarabağın “müstəqilliyi” və ona statusun verilməsi ilə bağlı əsassız iddiaları puç oldu. Qətiyyətli və əzmkar Azərbaycan Ordusunun en­dirdiyi sərrast, güclü zərbələr nəticəsində Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçır­ma və fərarilik halları geniş vüsət aldı.

Bu günlər ərzində tariximizdə olduqca əlamətdar hadisələr baş verir. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Dövlət başçısı İlham Əliyevin: “Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir” tezisi, xalqla dövlətin, ordunun birliyinin ən bariz göstəricisidir”.

Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Ordumuzun NATO ilə uğurlu əməkdaşlığı da Silahlı Qüvvələrimizin modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm təsir göstərib. Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin hələ kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, son illərdə ölkənin bütün ərazilərini əhatə etməklə yeni hərbi şəhərciklər inşa olunub, hərbi qulluqçuların mənzil və sosial şəraiti əhəmiyyətli dərəcədə yüksəlib. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir.

Hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın bir-birinin ardınca azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq. Yetər ki, müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz ərazilərimizi işğaldan azad edərək, öz əbədi və əzəli torpaqlarımıza geri qayıtdı, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır. Yaşasın qalib Azərbaycan Prezidenti və Müzəffər Azərbaycan Ordusu!

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər