Tbilisidə ekoloji konfrans keçirilir
ARANTV.AZ xəbər verir ki, Tbilisidə Qafqazın təbiəti, fauna və florasının mühafizəsinə həsr olunan beynəlxalq konfrans keçirilir. Tədbirdə ölkəmizdə bu sahədə həyata keçirilən layihələr, qəbul olunan dövlət proqramlarından danışılıb.
Tbilisidə Qafqazın ekoloji sisteminin mühafizəsinə həsr olunan konfransda məlumat verilib. 100-ə yaxın nümayəndənin iştirak etdiyi toplantıda ekoloji sistemin mühafizəsi ilə bağlı görülən işlər, beynəlxalq təşkilatların tövsiyələrinin icrası ilə bağlı məsələlər, eyni zamanda yeni fəaliyyət planının layihəsi müzakirə olunur. Qeyd edilib ki, 2000-ci ildə hazırlanan “Ekoregional təbiəti mühafizə planı” sayəsində ötən illər ərzində Qafqazda ekoloji tarazlığın mühafizəsi sahəsində mühüm işlər görülüb. Konfransda iştirak edən Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov ölkəmizdə ekoloji sistemin mühafizəsi, nəsli kəsilməkdə olan heyvanların artırılması, bitki örtüyünün qorunması ilə bağlı həyata keçirilən layihələr, qəbul olunan dövlət proqramlarının icrası və əldə edilən nailiyyətlər barədə məlumat verdi.
Konfransda adı “Qırmızı kitab”a düşən fauna və flora növlərinin, eləcə də meşələrin, su hövzələrinin, yüksək dağlıq ərazilərin qorunması məsələləri də müzakirə olunur. Ekoloji konfrans 3 gün davam edəcək.

