Ekologiyanı qorumaq hər kəsin borcudur
Polietilen torbalar və plastik stəkanların satışı qadağan edildi
Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Küçələrdə, qəzet köşklərində, xırdavat mağazalarında, parklarda, bazarlarda, market və mağazalarda – bir sözlə, hər yerdə satılan polietilen torbalar alış-veriş zamanı imtina edilməsi çətin hesab olunan yardımçılardır. Eyni zamanda, bu paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin bu paketlər qısa müddətdən sonra məişət tullantılarının parçalanmasında ən böyük maneəyə çevrilir. Çox ucuz qiymətə təklif edilən, mağazalarda pulsuz verilən bu torbaların ekologiyaya vurduğu dəhşətli zərərlər gözlə görüləcək həddədir.
Məlumat üçün bildirək ki, araşdırmalara görə, sellofan paketlər alıcılar tərəfindən orta hesabla 12 dəqiqə istifadə olunur. Məhsul paketdən çıxarıldıqdan 12 dəqiqə sonra təbiətə atılan bu paketlərin torpağa qarışması üçün 100 illər lazımdır. ABŞ-da ekoloqların araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə – 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Yəni, alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərər çox böyükdür. Bunu nəzərə alan dünya ölkələri artıq sellofan paketlərdən imtina edirlər. Ümumilikdə 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə, hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir. Bir sıra ölkələrdə isə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.
Bundan əlavə, qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir. Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək” adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axınını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan olunub və alternativ variantlardan istifadə edilir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesablamalarına görə isə, 2017-ci ildəistehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.
Belə olduğu halda, ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, ekspertlərin də fikirlərinə görə, hər birimiz plastik qabların alternativlərindən – şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.
Qeyd edək ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb. Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.
Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Elə bugünlərdə “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna edilmiş dəyişikliklər qüvvəyə minib. Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Sənədə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dəyişikliyə görə, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Həmin xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.
Nigar Orucova, “İki sahil”

