Region Xəbərləri 

Cocuq Mərcanlıda böyük işlər görülür

ARANTV.AZ xəbər verir ki, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Kənddə yaşayış evlərinin tikintisi, müasir infrastukturun qurulması ilə yanaşı sakinlər üçün iş yerləri də yaradılır. Bu məqsədlə kənd təsərrüfatı inkişaf etdirilir. Bu il 15 ailə üçün istixana tikilib. Arıçılıqla məşğul olmaq istəyənlərə arı ailələri verilib. Hazırda da Cocuq Mərcanlıda yeni layihələr icra edilir, müəssisələr, heyvandarlıq kompleksi tikilir.  Kənddən hazırlanan süjeti izləyək. 

Cocuq Mərcanlı tariximizə uzun illərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma torpaqlarına qaytarıldığı ilk kənd kimi tarixə düşüb. Ermənistan silahlı bölmələri tərəfindən xarabalığa çevrilən Cocuq Mərcanlı 2016-cı ilin aprel döyüşlərindən sonra prezident İlham Əliyevin sərəncamları ilə yenidən qurulub, bununla da kəndin sakinlərinin 24 illik məcburi köçkün həyatları başa çatıb-onlar doğma yurdlarına qayıdıblar. Birinci mərhələdə kənddə 50 ailə üçün fərdi yaşayış evi, məktəb binası, məscid, elektrik yarımstansiyası tikilib. Qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilərək istifadəyə verilib. Növbəti dəfə isə daha 100 fərdi yaşayış evi, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi tikilib, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançası və digər infrastruktur qurulub. İndi cocuq mərcanlılar onlar üçün salınan qəsəbədə yaşayır, həyətyanı sahələrində və pay torpaqlarında müxtəlif kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olur, həyat şəraitini daha da yaxşılaşdırmağa çalışırlar.  

Bu il  İqtisadiyyat Nazirliyinin Türkiyə iş adamları ilə birgə layihəsi əsasında Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi verilib. Arıçılar təsərrüfatlarının genişləndirilməsi üçün əlavə 10 ədəd yeşiklə, həmçinin arıçılıq avadanlıqları və xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunublar. Bu il arıçılıq təsərrüfatlarında ilk bal süzümü də olub.

Cocuq Mərcanlıda kənd təsərrüfatının müxtəlif sahələrilə məşğul olmağa şərait var. Bu şəraitdən istifadə olunmaqla yüksək nəticələr də əldə edilir. Bu il kənddə 189 ton taxıl, 168 ton qarğıdalı, 327 ton şəkər çuğunduru istehsal edilib. Hazırda gələn ilin məhsulu üçün payızlıq səpin aparılır.

Kənddə heyvandarlığın inkişafı üçün “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində yem emalı müəssisəsi yaradılıb. Burada hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar da quraşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də kiçik biznesin təşkili üzrə təlim kursları keçən 25 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal-qara verib. İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində isə

kənddə 150 başlıq cins heyvandarlıq kompleksinin inşası da nəzərdə tutulur. Tezliklə Cocuq Mərcanlıda suvenir istehsalı müəssisəsinin tikintisi də başa çatacaq. Burada istehsal olunan məhsullar “Cocuq Mərcanlı” loqosu ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə satışa çıxarılacaq. Cocuq Mərcanlı Azərbaycan hökumətinin işğaldan azad olunan yaşayış məskənlərinin hər birində həyata keçirəcəyi bərpa prosesinin modelidir. Həmin ərazilər isə tezliklə azad ediləcək. Cocuq Mərcanlının misalında bunu hər kəs gördü.

Daha çox xəbərlər