“Uşaq hüquqlarının təşviqi” layihəsi uğurla icra olunur
ARANTV.AZ xəbər verir ki, Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan “Uşaq hüquqları uşaqların gözündə” adlı tədbir keçirilib. Tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
“Uşaq hüquqları uşaqların gözündə” adlı tədbirin iştirakçıları əvvəlcə UNİCEF və “ASAN Könüllüləri” Təşkilatının birgə reallaşdırdığı “Uşaq hüquqlarının təşviqi” layihəsi çərçivəsində təşkil olunan təlimçilər üçün təlim proqramı ilə tanış oldular. Məqsəd ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliği, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qruplarının formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir
“Uşaq hüquqlarının təşviqi” layihəsi üzrə noyabrdan etibarən ekspertlər tərəfindən təlimçilər üçün təlim proqramı, maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçirilir. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Qubada yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində “Mənim hüquqlarım: uşaq hüquqları uşaqların gözündə” və “ASAN Məktub” layihəsinin sərgiləri də nümayiş edildi.

