Əhməd Yəsəvi irsində türk əxlaq dəyərləri
Əhməd Yəsəvi düşüncə sistemində türk əxlaq dəyərləri və onun təhsilalanlara öyrədilməsi imkanları

İntiqam Cəbrayılov
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor.
Məqalədə böyük türk mütəfəkkiri əhməd Yəsəvinin irsi təhlil edilir, onun əxlaq, mənəviyyat məsələləri ilə bağlı fikirləri tədqiq olunur və bu fikirlərin şəxsiyyət formalaşdırılmasında rolu əsaslandırılır. Müəllif Ə.Yəsəvinin irsində əksini tapmış ideyaların həm də pedaqoji mahiyyət daşıdığını göstərməklə, təlim-tərbiyə prosesində ondan istifadə imkanlarının geniş olduğunu qeyd edir. Dünyanın dərki, əxlaq dəyərlərinin mənimsənilməsi və sair məsələlərin təhsilalanların tərbiyəsinin vacib şərtləri kimi diqqətə çatdırır.
Açar sözlər: Əhməd Yəsəvi, böyük türk mütəfəkkiri, türk əxlaq dəyərləri, təhsilalanlar, mədəni irs, həqiqət, dünyanın dərki, şəxsiyyətin formalaşdırılması, söz, təlim, tərbiyə, yaradıcılıq, pedaqoji mahiyyət, türk dili
Ключевые слова: Ахмед Йесеви ( Ясеви), великий турецкий мыслитель, Турецкие моральные ценности, учащихся (студенты), культурное наследие, истина, познание мира, формирование личности, слово, обучение, воспитание, творчество, педагогическая сущность, турецкий язык
Key words: Ahmed Yesevi, great Turkish thinker, Turkish moral values, educated,cultural heritage, the truth, knowledge of the world, personality formation, word,schooling, education, creation, pedagogical essence, Turkish language
Bəşəriyyət tarixində digər xalqlarla yanaşı türklərin yaratdığı mədəni irsin özünəməxsus yeri və rolu vardır.. Bu mədəni-mənəvi irsi yaradanlar böyük türk mütəfəkkirləri, filosoflar, alimlər özü də bu gün bizim üçün zəngin xəzinə, dəyər kimi qiymətlidirlər. Onlardan biri də XII əsrdə yaşamış Əhməd Yəsəvidir (1103-1166). Tarixi mənbələrdə tam adı Əhməd bin İbrahim bin İlyas Yəsəvi kimi göstərilən bu böyük şəxsiyyət Orta Asiyada doğulsa da (Qazaxıstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində) bütün türk dünyasının, ümumtürk mədəniyyətinin sərvəti hesab olunur. Onun “Divani Hikmət” əsəri nəinki yazıldığı dövrdə əhəmiyyətli olmuş, sonrakı yüzilliklərdə də türk mənəviyyatının qorunmasına güclü təsir göstərmiş və bu gün də ümumtürk mədəniyyətinin dəyər xəzinəsi kimi diqqəti cəlb etməkdədir(1). Əhməd Yəsəvi irsi mükəmməl düşüncə sisteminə əsaslanır. Bu düşüncə sistemi türkün həyat tərzini, onun doğulduğu gündən ölənədək fəaliyyət istiqamətlərinin mahiyyətini, insan-insan, insan-cəmiyyət münasibətlərini əks etdirir. Əxlaq dəyərləri kimi qəbul edilən Ə.Yəsəvi ideyaları sadə bir həqiqəti əks etdirir: Bəşər övladı olan insan daim özünüdərkə, dünyanın dərkinə can atmalı, mənliyini, şərəfini, ləyaqətini qorumalı, həmişə xeyir əməllər uğrunda çalışmalı, xoşniyyətli, müqəddəs amallara sadiq olmalı, cəmiyyətin inkişafı, əxlaq dəyərlərinin qorunması üçün ciddi səy göstərməlidir.
Xoca Əhməd, Xoca Əhməd Yəsəvi, Qul Xoca Əhməd, Piri-Türküstan adları ilə tanınan Əhməd Yəsəvi öz baxışlarını, fikirlərini sadə türk dilində mənzumələr-şeirlər şəklində yazmaqla yeni bir məktəbin əsasını qoymuş, türk ellərinin sevimlisinə çevrilmişdir (2). Təsadüfi deyil ki, UNESCO 2016-cı ili Xoca Əhməd Yəsəvi ili elan etmiş və həmin ildə bu böyük mütəfəkkirə həsr olunmuş tədbirlər keçirilmişdir.
Ə.Yəsəvi irsinə Azərbaycanda həmişə diqqət göstərilmiş, bu irsin öyrənilməsi ilə bağlı ciddi elmi-tədqiqatlar aparılmışdır. Bu baxımdan dəyərli alimlərimiz Yaşar Qarayevin “Erkən türk təsəvvüf kültürü-yəsəvilik” (3,s.38-55), Gülşən Əliyeva- Kəngərlinin “Sufizm” (4), Füzuli Bayatın “Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri”(5), Buludxan Xəlilovun “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” (6), Paşa Əlioğlunun “Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı” (7), Salidə Şərifovanın “Mənəvi-mədəni qaynaqlarımız: Əhməd Yəsəvinin bədii və fəlsəfi-dini irsi (8,s.4) İ.H.Cəbrayılovun “ Eğitim biliminin tarihi şahsiyeti Hoca Ahmed Yesevi “ (9) və s. mövzuda əsərlərini göstərmək olar. Məlumdur ki, ruhani ailəsində doğulan Ə.Yəsəvi hələ yeddi yaşında olarkən
valideynləri dünyasını dəyişmişdir. Əvvəl anasını, sonra isə atasını itirən Ə.Yəsəvi bacısı ilə birgə çox çətin həyat keçirmiş, özünün biliyi, bacarığı, zəhməti ilə böyük hörmət, nüfuz sahibi olmuşdur. İlk təhsilini Yəsdə (indiki Türküstan) alan Ə.Yəsəvi İslamı ərəb dilində deyil, sadə türk dilində şərh etməklə həm türk dili və mədəniyyətinin inkişafına, həm də dəyərlərinin mənimsənilməsinə güclü təsir göstərmişdir. Türk ellərində formalaşan yeni düşüncə sistemi türkçülük əxlaqının möhkəmlənməsində böyük rol oynamışdır. Maraqlıdır ki, hələ orta əsrlərdə Ə.Yəsəvi insanın hər yaş dövrünün özünəməxsus xüsusiyyətlərini aydınlığı ilə üzə çıxarmış, yaşauyğun xarakterik cəhətləri təhlil etməklə yetkin şəxsiyyətin formalaşmasının konseptual məsələlərini sistemli hala gətirmişdir. Böyük mütəfəkkirin irsindən görünür ki, Ə.Yəsəvi dediyi hər sözə ciddi diqqət yetirmiş, hər sözün qədrini bilmiş, sözlərin məna çalarından istifadə edərək ürəklərə yol tapmağı bacarmışdır. Həyat təcrübəsi sübut edir ki, burada böyük həqiqət vardır. Doğrudan da, söz böyük qüvvədir. Sözün ecazkarlığı, qüdrəti ilə insanda hiss-həyəcan yaratmaq, onu hərəkətə gətirmək, coşdurmaq, ruhlandırmaq, qələbəyə səsləmək və nail olmaq mümkündür. Mütəfəkkirlərin böyük əksəriyyəti sözün qüdrətindən, təsir gücündən bəhs etmiş, ona münasibət bildirmişlər. Məsələn, böyük Nizami Gəncəvi “Sözün də su kimi lətafəti var”, Məhəmməd Füzuli “Hər sözüm bir pəhləvandır”, Cəlaləddin Rumi “Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir” və s. fikirlərini söyləməklə sözə, onun yazılış və deyim tərzinə yüksək qiymət vermişlər. Söz haqqında çox dəyərli atalar sözləri də vardır: Məsələn, “Söz eşitmək ədəbdəndir”, “söz var gələr keçər, söz var dələr keçər” “Sözün yaxşısı baldan dadlıdır” (10, s. 211- 212) və s.
Söz haqqında bunları dilə gətirməklə Ə.Yəsəvinin də yazdığı, dediyi sözlərdən nə qədər məharətlə istifadə etdiyini diqqətə çatdırmaq istədik. Ə.Yəsəvi həmişə xalq içərisində olmuş, onların dərdlərinə şərik çıxaraq xalqa möhkəm tellərlə bağlılığını, torpaq, Vətən sevgisini ilahi eşqi ilə sübut etmişdir. Onun yaradıcılığında əksini tapan ideyalar əxlaq dəyərləri kimi həm də pedaqoji mahiyyət daşıyır. Çünki pedaqogikada tərbiyə, əxlaq dəyərləri, şəxsiyyətin formalaşdırılması kimi məsələlər bu elmin məzmun komponentləri kimi xüsusi əhəmiyyətə malikdir.
Ə.Yəsəvi yaradıcılığında dünyanın dərki məsələsi ən vacib məsələ kimi diqqət çəkir. Bu, həm də türk əxlaqının əsas istiqamətlərindən biri kimi özünü göstərir. Böyük mütəfəkkir Ə.Yəsəvi dünyanı dərk etmək üçün həqiqəti bilməyin vacibliyinə önəm verir. Bu baxımdan həqiqət, ədalət, mərifət kimi əxlaq dəyərləri mütəfəkkirin düşüncə sistemində başlıca yer tutur. Həqiqəti dərk edən, həqiqət uğrunda çalışan insan saf, təmiz olub müqəddəslik amalları ilə yaşayır, güclü daxili enerjisi ətrafa da işıq, hərarət verir. Mütəfəkkirin sözlərilə desək: -Hakikatın anlamına yetən kişi, Şaşkın tutuşup yanar içi, dışı ( 1,s. 75).
Ona görə də insan həmişə həqiqəti söyləməli, ağa qara deməməli, sadə yaşamalı, dəbdəbəli həyatdan, kin və küdurətdən, yalandan uzaq olmalıdır. Böyük mütəfəkkirin bu baxımdan “Ağa qara deyənlər, cəhənnəmə girmişlər” fikri ibrətamizdir (1,s103). Tarixi təcrübə də sübut edir ki, insan həqiqəti danışanda, yalandan, böhtandan uzaq olanda hörmətli olur. Bu düşüncələrlə yaşayan və əməllərilə gənclərə, böyüyən nəsillərə nümunə olan hər bir insan nüfuz sahibinə çevrilir, öz şəxsiyyətilə başqalarından seçilir. Belə insanlar həyatda dərin iz buraxır və dünyasını dəyişəndən sonra da yaxşı insan kimi xatırlanır. Əhməd Yəsəvinin əsərlərində əksini tapmış bu ideyalar ona görə də tərbiyəvi baxımdan mühüm əhəmiyyət kəsb edir və türk əxlaq dəyərləri kimi qiymətlidir, nəsillərimiz üçün örnəkdir. Tarix boyu bu ideyalar türk ruhuna qida vermiş, millətin sıx birləşməsində, dövlətçilik ənənələrinin qorunub saxlanmasında və daha da möhkəmlənməsində böyük rol oynamışdır.
Əhməd Yəsəvi insanları xeyirxah olmağa, mal və pul dalınca qaçmamağa, mərd olmağa səsləyir. O, deyir ki, “insanların məzarını ziyarət eylə, ondan ibrət al” Hər zaman yaxşılıq eylə, sən də gedərsən dünyadan” fikirləri ilə qəlbləri coşdurur(2,s.97). Ə.Yəsəvinin sadə xalq dilində yazdığı şeirləri poetik ahənginə, fəlsəfi dərinliyinə, əxlaqi dəyərliliyinə görə çox əhəmiyyətlidir. Aşağıdakı misralara diqqət edək:
Mal və pulu dert eyləməz aşık kişi Yol üstündə topraq olub aziz başı ( 1,s. 145).
Bəşəriyyətin tarixi sübut edir ki, bir gün doğulan bir gün də dünyadan köçəcəkdir. İnsan dünyadan əliboş köçür. Heç kim özü ilə o dünyaya bir şey aparmır. Sadəcə onun bu dünyada yaxşı adı, əməlləri qalır. Ona görə də insan malı, pulu özünə dərd etməməlidir. Kim həyatını əxlaq dəyərləri üzərində qurursa, özünü və dünyanı dərk edirsə, xalqına, millətinə, dövlətinə fayda verirsə o, şəxsiyyət kimi daim yaddaşlarda yaşayır. Faydalılığın məzmununda nəsillərin tərbiyəsi xüsusi önəm daşıyır. Bu proses dəyərlərə əsaslandıqda yetişən nəsil millət olaraq böyük gücə, qüvvəyə çevrilir, xalqın dövlətçiliyə töhfələr vermək baxımından potensial imkanlarını artırır. Ə.Yəsəvi yaradıcılığında əxlaq dəyərlərinin qorunması və tətbiqində ağlın, idrakın roluna da toxunulur. Məlumdur ki, cəmiyyətdə aqillərlə bərabər cahil, nadan ünsürlər də olmuşdur. Cahil, nadan insanlar elmdən, ədəbdən uzaq olduğuna görə mənəvi cəhətdən geridə qalmış, həyat fəlsəfəsini, dünyanın gedişini dərk edə bilməmişlər. Adətən ən xoşagəlməz xasiyyətlər belə insanlarda cəmlənir. Özünüdərk fəlsəfəsi belə insanlara yaddır. Ona görə də bu insanlarla oturub-durmaq, onlarla yoldaşlıq etmək məsləhət görülmür. Aqil, kamil insan olmaq, şəxsiyyət kimi yetişmək üçün əsas şərtlərdəndir. Ona görə də Ə.Yəsəvi cahillərə, nadanlara söz söyləməyin əbəs olduğunu bildirərək, aclıqdan ölsən də namərdə minnətçi olmamağı tövsiyə edir (1,s. 91). “Ağlın olsa cahillərə sirr verməzsən” (1,s. 93), yaxud “Bir şey umma cahillərdən kadrini bilmez, Karanlık içində yol şaşırsan yola salmaz “ (1,s. 80) deməklə həqiqəti söyləyir, ağıllı insanları da həmişə ayıq olmağa, düzgün addım atmağa, doğru qərar verməyə səsləyir. O, öz həyat təcrübəsindən çıxış edərək “cahillərdən yüz bin cəfa gördüm ben işte” deyir (1,s.79). Başqa bir yerdə isə “Qiymət bilməz cahilə, cövhərləri verməyin”- söyləməklə bir daha fikrini təsdiqləyir (1,s.113). Bütün bunlar əxlaq dəyərlərinin cəmiyyət üçün nə qədər faydalı olduğunu söyləməyə ciddi əsaslar yaradır. Bu dəyərlər tarix boyu türk mənəviyyatının qorunmasında böyük rol oynamışdır. Bu dəyərlərə yiyələnmiş xalq hər zaman torpaq, vətən təəssübünü
çəkməyə, düşmənə qarşı döyüşməyə hazır olur. Məlumdur ki, əxlaq dəyərləri həm də dilə olan münasibəti də ehtiva edir. Xalqın düşüncə sistemi, tarixi, mədəniyyəti, mənəviyyatı həm də dilin qorunmasına olan qayğı, diqqət, sevgi ilə bağlıdır. Dil yoxdursa, əslində xalq da yoxdur. Bu baxımdan Əhməd Yəsəvinin düşüncə sistemində türk dilinin saflığının qorunması, inkişaf etdirilməsi məsələsi mühüm yer tutur. Ə.Yəsəvi əslində türk dilinə belə münasibətlə böyük məktəb yaratmışdır. Məhz sonrakı dövrlərdə onun ardıcılları bu məktəbdən, bu ideologiyadan qaynaqlanaraq türk ruhunu gənclərə aşılamış, türk əxlaq dəyərləri xalqın bütövlüyünün qorunmasına, vətən, dövlət, millət üçün yaşamaq, çalışmaq anlayışlarının,şüurlarda daha dərin kök salmasına ciddi təsir göstərmişdir. “Cənnətin dili ərəb dilidir” düşüncəsinin mövcud olduğu bir dövrdə Ə.Yəsəvi türk dilində danışır, fikirlərini türkcə şərh edir, türk dilində yazmağa üstünlük verir, xalqda öz dilinə-türk dilinə sonsuz sevgi, məhəbbət aşılayırdı. Təsadüfi deyil ki, böyük türkoloq Ziya Göyalp da türkçülüyün əsaslarından bəhs edərək türk əxlaqının dünya xalqları içərisində özünəməxsus cəhətlərə malik olduğunu, əslində bu keyfiyyətlə türkün başqalarından fərqləndiyini, üstünlüyünü nəzərə çatdırmışdır (11).
Əhməd Yəsəvi yaradıcılığında əksini tapmış tərbiyəvi fikirlərin təlim prosesində öyrənilməsi və təhsilalanlara öyrədilməsi imkanları genişdir. Ümumtəhsil və ali məktəblərdə sosial-humanitar fənlərin tədrisində müvafiq proqram əsasında bu böyük mütəfəkkirin irsini təhlil etmək, buradakı türk əxlaq dəyərləri barədə elmi-pedaqoji ümumiləşdirmələr aparmaq mümkündür. (9,s.173-177). Problemin pedaqoji mahiyyətinin üzə çıxarılması təhsilalanlarda ilk növbədə milli təfəkkürün formalaşması və inkişafına təkan verir. Şagird, yaxud tələbə milli əxlaqı, o cümlədən vətən əxlaqını türkçülük düşüncə sisteminin tərkib hissəsi kimi mənimsəyir. Beləliklə, türk əxlaq dəyərləri böyüməkdə olan nəsillərin şəxsiyyət kimi yetişməsində ən vacib mənbə rolunda çıxış edir. Bu mənbələrdən istifadə türk ruhuna mənəvi qida verir, onu cilalayır, yeniyetmə və gənclərin vətəndaş-şəxsiyyət kimi xarakterinin formalaşmasına stimullaşdırıcı təsir göstərir. Araşdırmalardan belə qənaətə gəlinir ki, Əhməd Yəsəvi ümumtürk mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. Bu böyük şəxsiyyət türk
dili və əxlaqını təbliğ etməklə onu daha da möhkəmləndirmiş, yeni tarixi şəraitdə onu yeni inkişaf mərhələsinə çıxarmışdır. Böyük mütəfəkkirin ilahi eşqi xalqa olan sevginin ifadəsi kimi qiymətləndirilə bilər. Əhməd Yəsəvinin nəfsə qalib gəlmək, həqiqət, ədalət, mərifət, mənəvi saflıq uğrunda mübarizə, digər əxlaq məsələləri ilə bağlı ideyaları həm də türk cəmiyyəti və dövlətinin mühüm tələbləri, insanların həyat tərzi xüsusiyyətləridir. Bu ideyalara yiyələnmiş insanda torpaq, vətən, dövlət sevgisi, vətəndaş məsuliyyəti güclü olur. Bu fikirləri diqqətə çatdıraraq hesab edirik ki, tariximizin şanlı səhifələri, mədəniyyət tariximizi tədris edərkən elmi-pedaqoji tələbləri nəzərə almaqla türk dünyasının böyük şəxsiyyətləri, onların yaradıcılığı haqqında, o cümlədən Əhməd Yəsəvi və onun irsi barədə təhsilalanlara müvafiq tövsiyələr vermək, bu istiqamətdə pedaqoji tədqiqatlar aparmaq vacibdir.

İstifadə edilmiş ədəbiyyat
1. Hoca Ahmed Yesevi. Divan-i Hikmet / Editör: Mustafa Tatcı. Ankara: Hoca Ahmed Yesevi Uluslararası Türk-Kazak Universitesi, 2017
2. Xoca Əhməd Yasəvi. Redaktor: Necdet Tosun.( tərcüməçi: Elşən Bağırzadə).Ankara: Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, 2018 , 120s.
3.Qarayev Y. Erkən türk təsəvvüf kültürü-yəsəvilik. Mədəniyyət dünyası, VII buraxılış, Bakı: ADMGU, 2003, s.38-55
4. Əliyeva- Kəngərli G. Sufizm. Bakı:Aspoliqraf, 2014, 160s
5. Bayat F. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı: Ağrıdağ ,1997
6.Xəlilov B. Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi. Bakı: Elm və təhsil, 2010, 294s.
7.Əlioğlu P. Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı. /Ədəbiyyat qəzeti. edebiyyat qazeti: az/news/muzakire/4399-xoca-ehmed-yesevi-yaradiciligi-ve-azerbaycan-edebiyyati(17.09.2019. ).
8. Şərifova S. Mənəvi-mədəni qaynaqlarımız: Əhməd Yəsəvinin bədii və fəlsəfi-dini irsi. 525-ci qəzet,.s.4.(2016, 6 may ).
9.Cebrayilov İ.H. Eğitim biliminin tarihi şahsiyeti Hoca Ahmed Yesevi. II.Uluslararası Hoca Ahmed Yesevi Sempozyumu Bildirileri( editör: Prof.Dr.Zülfikar Güngör).Ahmet Yesevi Üniversitesi.İnceleme Araştırma Dizisi.Yayın №:54, ANKARA, AREN,ekim 2018, s.173-177
10. Bəydili (Məmmədov) Cəlal. Atalar sözü. Bakı: Öndər, 2004
11. Göyalp Ziya. Türkçülüyün əsasları. Bakı: Xəzər Uiniversiteti, 2010,208 s.
Интигам Джабраилов
Турецкие моральные ценности в системе мышления Ахмеда Йесеви (Ясeви) и возможности обучения учащихся
Резюме
В статье анализируется наследие великого турецкого мыслителя Ахмеда Йесеви(Ясeви), изучаются его взгляды на моральные и духовные проблемы и обоснована роль этих идей в формировании личности. Автор указывает, что идеи, отраженные в наследии А. Йесеви (Ясeви), также имеют педагогический характер, и что существует много возможностей использовать их в образовательном процессе. В статье основное внимание уделяется пониманию мира, приобретению нравственных ценностей и другим вопросам как важным условиям обучения учащихся и студентов.
Intigam Jabrayilov
Turkish moral values in the thinking system of Ahmed Yesevi and its student learning opportunities
Summary
The article analyzes the heritage of the great Turkish thinker Ahmed Yesevi, studies his views on moral and spiritual problems and substantiates the role of
these ideas in the formation of personality. A. Yesevi, also have a pedagogical character, and that there are many opportunities to use them in the educational process. The article focuses on the understanding of the world, the acquisition of moral values and other issues as important conditions for the training of students.

