Regard sur l’Est: “Azərbaycan: ixracın rəqəmsal platforma vasitəsilə şaxələndirilməsi”
ARANTV.AZ xəbər verir ki, ötən 2 il ərzində Made in Azərbaycan brendli məhsullar 108 ölkəyə ixrac edilib. Rusiya bu ölkələr arasında birinci yeri tutur. Sonrakı yerlərdə Türkiyə, İsveçrə, Gürcüstan və Qazaxıstan qərarlaşıb. Fransanın Regard sur l’Est portalında yerləşdirilən “Azərbaycan: ixracın rəqəmsal platforma vasitəsilə şaxələndirilməsi” başlıqlı məqalədə bu barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan neft ixracından asılılığı azaltmaq niyyətindədir. Artıq dövlət ixracın təşviqini stimullaşdırma mexanizmlərinin tətbiqinə başlayıb. Bu, beynəlxalq sərgilərdə mümkün qədər sıx iştirak etməklə, “Made in Azerbaijan” brendinin təşviqini nəzərdə tutur. Yazıda bildirilib ki, bu ilin 10 ayında ümumi ixracda qeyri-neft məhsullarının payı ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb. Hazırda Azərbaycanın neftdən başqa ən çox ixrac etdiyi məhsullar pomidor və qızıldır. “Azexport” ixrac portalının fəaliyyətinin əhəmiyyətinin vurğulandığı yazıda qeyd edilib ki, rəqəmsal interfeysə malik ixrac portalı istehsalçıların icazə sənədi almasına, logistika və marketinq məsələlərini həll etməsinə, xarici bazarlara çıxmasına kömək edir.

