“Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünün açlışı olub
ARANTV.AZ xəbər verir ki, Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünün açlışı olub. Hazırlıq işlərini uğurla tamamlayan mərkəz yeni mövsüm üçün turistlərin ixtiyarındadır.
“Şahdağ” Turizm Mərkəzi hər mövsümün açılışında turistləri yeniliklərlə, xoş sürprizlərlə qarşılayır. Bu dəfə də ənənə pozulmayıb. Dekabrın 15-də baş tutan xizək mövsümünün rəsmi açılışında qışın başlanğıcını bayram kimi qeyd edən turistlər üçün maraqlı tədbir proqramı hazırlanıb. Dörd növdə 15 ədəd kanat xətti, 13 sürüşmə yamacı xizək və snoubord həvəskarlarının ixtiyarına verilib. İstirahət kompleksində xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi təşkil edilib.
Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınması nəzərdə tutulur. Dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən və ən yüksək standartlara cavab verən Şahdağ Turizm Kompleksində bu mövsüm ilk dəfə olaraq qonaqların əyləncəsini və rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və digər əyləncə iaşə nöqtələri istifadəyə verilib. Turizm mərkəzində təklif olunan qiymətlərdə də yeniliklər var.
Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə Rusiya, Ukrayna, Belarus, Türkiyə və Qazaxıstandan olan turizm şirkətləri ilə işgüzar əlaqələr qurularaq infoturlar təşkil edilir. Bunun nəticəsidir ki, hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir.
Turizm mərkəsində qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına da start veriləcək. Paraplan uçuşlarına ötən ilin yay mövsümündən başlanılıb. Bu adrenalin dolu əyləncəyə həddindən çox maraq göstərildiyindən uçuşların qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulub.

