Cəmiyyət 

Bu əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyik

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək

“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.” Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri zamanı hərbçilərlə keçirdiyi görüşlərdə bu hədəfimizi xüsusi vurğulayıb. Şuşada hərbçilərlə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki,  Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Xalqımız bu gün o vədin reallıqda öz əksini tapmasının sevincini yaşayır. Bütün dünya Azərbaycanın Qələbəsindən danışır,  aparıcı media orqanları bu Zəfərdən  yazır, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq. Dövlətimizin başçısı, həmçinin bildirir ki, demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir.  8 noyabrda Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqımıza  çatdırarkən bu məqamı da böyük qürur hissi ilə qeyd etmişdir  ki,  dəfələrlə  Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim: «Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.»

Göründüyü kimi, artıq bunlar arzu, istək yox,  reallıqdır. İşğaldan azad edilmiş torpaqlarımızda  yeni həyatın başlaması üçün quruculuq və bərpa layihələri uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 44 günlük müharibənin Azərbaycanın siyasi Qələbəsi ilə başa çatmasından sonra işğaldan azad  edilmiş rayon və  şəhərlərimizə səfərlərini böyük qürurla, sevinc hissi ilə  reallaşdırması atılan addımların uğurlu nəticələrinin təqdimatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  Ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan  tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasına başlayıb. Dövlətimizin başçısının Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi, işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəsinin təyinatı ilə bağlı ilk addımın Şuşadan başlaması, Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi  nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etməsi və sair kimi addımlar   Qarabağın incisi, musiqimizin məbədi və  beşiyi olan füsunkar  Şuşamızın  işgaldan azad edilməsindən keçirdiyimiz qürur hissinin aydın mənzərəsini yaratdı. Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad edildiyi tarix  Zəfər Günü kimi təsis edildi. Dövlətimizin başçısının  qeyd etdiyi kimi, “Şuşa  nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.”  Qarabağda, Şuşada, onun “Cıdır düzü”ndə, “İsa bulağı”nda yenə “Qarabağ şikəstəsi” səslənəcək, Vaqif Poeziya Günləri,  “Xarı bülbül” festivalı bərpa ediləcək. Artıq bunuNla bağlı görüləcək işlərin Tədbirlər Planı hazırlanır.

Bu məqsəd və  məramlar dövlətimizin başçısı İlham Əliyevin  “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanında  da öz aydın ifadəsini tapır. Məqsəd işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması,  təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin  dəstəklənməsidir.” Bu istiqamətlərdə  hər bir şəxsin göstərəcəyi dəstək tarixi Qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.

44 gün davam edib tariximizə  şanlı Qələbə səhifəsini yazan İkinci Qarabağ müharibəsi kimin kim olduğunu açıqlamaqla yanaşı,  bugünədək aparılan əsassız təbliğatların, sülh danışıqlarının davam etdirilməsi naminə göstərilən cəhdlərin əsl mahiyyətini, Azərbaycan Ordusunun məğlubedilməzliyini, dövlətimizin  prinsipial mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza  səfərləri zamanı sevincini paylaşmaq üçün ictimaiyyət nümayəndələri ilə görüşündə «İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir» söyləyərək, Ermənistan ordusunu çökdürdüyümüzü, eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verildiyini  vurğulayaraq, bu məqamı da xüsusi  diqqətə çatdırır ki,  əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı,  başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər: “Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.»

30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı İlham Əliyev 10 noyabrda  Qələbə müjdəsini xalqa çatdırdığı andan bugünədək  yaşanan coşquda, xoş ovqatda özünün aydın ifadəsini tapır. İşğaldan azad olunan torpaqlarımızda  bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı İlham Əliyevin Şuşaya səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanının və Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması  da deyilənlərin təsdiqidir.  30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.

Dövlətimizin başçısı İlham Əliyev  hər bir  səfərində bu əminliyi ifadə edir ki,  bütün bu yerlər tamamilə  bərpa ediləcək. Diqqəti ermənilərin 27 ildə torpaqlarımızda hansı vəhşilikləri törətdiklərinə yönəldərək onu da bildirir ki,  bir daha  hansı vəhşi düşmənlə üz-üzə olduğumuzun şahidiyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün  bütün  planlar hazırlanır. Təbii ki, yüksək səviyyədə icra ediləcək. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin işğal altında olan  rayonlarımıza  qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin rayonu tərk edən zaman söküb apardıqlarına diqqət yetirdikdə bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti,  istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları  durumu əks etdirən görüntüləri yəqin ki, dünya görür. Bu, onların  beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan,  cinayətlərə göz yummalarından qaynaqlanır. Amma işğalçı dövlət neçə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında bu mesajı Ermənistana və onun havardalarına çatdırır.

Azərbaycan Ordusu yeni tarix yazdı. Erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan  ordu  bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.  «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlətimizin başçısı İlham Əliyev Qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq «Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq» bəyan edir.  Ermənilər  işğaldan azad edilmiş torpaqlarımızda törətdikləri vəhşilikləri ilə bir daha sübut edirdilər ki, bu torpaqlar onların deyil,  nə vaxtsa buranı tərk etməlidirlər. Dövlətimizin başçısı İlham Əliyev Şuşaya səfəri zamanı hərbçilərlə görüşündə bu fikri böyük fəxr hissi ilə qeyd etmişdir ki,    Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm.  Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm: «Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar.»

Xalqımıza qələbə yaraşdığını və qələbənin daim bizimlə olacağını bildirən dövlətimizin başçısı qarşıdakı illərdə bizi böyük işlər gözlədiyini vurğulayır. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə  dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə  kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Artıq idarəetmə istiqamətində dövlətimizin başçısı İlham Əliyev ilk Sərəncamını imzalayıb. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi ilə bağlı ilk addım qeyd etdiyimiz kimi, Qarabağın ürəyi Şuşada oldu.

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün maliyyə təminatı yaradılıb. Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu işlərə 4,6 milyard manat maliyyə təminatı  göstərilib.  Sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, ipoteka proqramlarının həyata keçirilməsi sosial mənzillərin tikintisi və digər məqsədlər üçün 152 milyon manat vəsait nəzərdə tutulub.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.

Daha çox xəbərlər