Gənclərimizin sarsılmaz əzmi, düşmənə nifrəti bizi Qələbəyə apardı
44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz nəinki ölkəmizin tarixində parlaq səhifə açdı, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri kimi tarixə düşdü. Bu şərəfli tarixi yazan isə Azərbaycan Ordusunun əsgəri və zabitləri oldular.
Qürurverici haldır ki, Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyəti gənclərdən ibarətdir. Müharibənin ilk günlərindən onlara minlərlə könüllü gənc də qoşuldu ki, bu addım ordumuzun döyüşkənlik əzmini birə-beş artırdı. O günlərdə demək olar ki, bütün Azərbaycan gəncləri dinindən, etnik tərkibindən asılı olmayaraq cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət etdilər və könüllü kimi döyüşlərə yollandılar.
2020-ci ilin 27 sentyabr tarixində başlanan əks-hücum əməliyyatlarında iştirak edən gənclərimiz sıldırım qayaları aşdılar, silah işlətmək mümkün olmayanda yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar da sonadək döyüşdülər, erməni silahlılarını məhv etdilər və üçrəngli bayrağımızı müqəddəs ərazilərimizdə dalğalandırdılar. Bununla da xalqımıza unudulmaz sevinc bəxş etdilər. Bir sözlə, biz Qələbəmizi gənclərimizin canı, qanı bahasına, onların rəşadəti, şücaəti hesabına qazandıq. Gənclərimiz müharibə günlərində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın yalanlarının ifşa edilməsində, daha doğrusu, təkcə hərbi müstəvidə deyil, informasiya müharibəsində də fəal iştirak etdilər.
Bununla onlar öz dövlətlərinə və ölkələrinə nə qədər ülvi hisslərlə bağlı olduqlarını bir daha nümayiş etdirdilər. Şübhəsiz, bütün bunlar ötən illər ərzində ölkəmizdə intellektual səviyyəsi ilə fərqlənən, milli ideyalar ruhunda tərbiyə alan, sağlam düşüncəyə, əqidəyə sahib olan yenilməz gəncliyin formalaşmasının nəticəsi idi. Bu, bir daha göstərdi ki, gənclərimiz Vətənin keçmişindən, ulularımızdan miras qalmış milli-mənəvi dəyərlərin işığından heç də uzaq düşməyiblər. Əksinə, bu yurda, bu torpağa daha çox bağlanıblar. Şübhəsiz, tarixi yaddaşımızın gənc təfəkkürlərdə düzgün qavranılması, onların vətənpərvərlik ruhunun güclənməsi ölkə başçısının gənclər siyasətinin ən böyük uğurudur.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev bu ilin yanvar ayında Şuşada səfərdə olarkən gənclərin Vətən müharibəsi günlərindəki vətənpərvərliyini yüksək dəyərləndirərək demişdi: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər.”
Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı olduğunu xüsusi vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd etmişdi ki, bu müharibədə əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirmişdir: “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Dövlət başçımızın bu sözlərindən də belə qənaətə gəlmək olar ki, düşmənin başını əzən və birliyimizin rəmzi sayılan dəmir yumruğumuzun əsasını gənclərimiz təşkil ediblər.
…Vətən müharibəsinin başa çatmasından 3 aya yaxın keçməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib. Prezidentimizin reallaşdırdığı inkişaf siyasətinin icrasında, qarşıya qoyulmuş strateji hədəflərin əldə olunmasında bu gün də gənclərimizin enerjisinə, potensialına çox böyük ehtiyac var. Şübhəsiz, mənfur düşməni 44 gün ərzində torpaqlarımızdan qovan gənc nəsil işğaldan azad edilən ərazilərimizi qısa zaman kəsiyində abadlaşdırmaqla quruculuq-bərpa işlərinə də öz böyük töhfəsini verəcək.

