Müzakirəsi və qəbulu düyünə düşən qanun layihələri
Milli Məclis (MM), ölkə parlamentariləri dekabrın 28-də payız (qış) sessiyasının sonuncu iclası ilə qış tətilinə yollanacaqlar.
ARANTV.AZ-ın xəbərinə görə, bu sessiyada müzakirəsi (ən azı ilkin variantlarda və komitə iclaslarında) və qəbulu gözlənilən bir sıra qanunvericilik aktları yenə öz müsbət həllini tapa bilmədi.
Həmin qanun layihələrindən biri Rəqabət Məcəlləsi idi.
Rəqabət Məcəlləsinin ilk oxunuşda müzakirəsindən təxminən 10-11 il keçsə də, hələ də onun yenidən birinci oxunuşda və digər oxunuşlarda müzakirəsi, bütövlükdə qəbulu baş tutmur ki, tutmur.
Hələ üçüncü çağırış parlamentdə (hazırda beşinci çağırışdır) birinci oxunuşda müzakirə edilən Məcəllənin yenidən hazırlanması və müzakirələrə çıxarılması nəzərdə tutulsa da, məsələyə aydınlıq gətirilmir, yubadılma səbəbləri dəqiq açıqlanmır.
Müzakirəsini və qəbulunu gözləyən qanun layihələrindən biri də “Təhsil kreditləri haqqında” qanunvericilik aktıdır ki, bu məsələnin də taleyi qaranlıq qalmaqdadır.
Bir neçə il öncə millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli tərəfindən birgə hazırlanan və MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ilkin variantda müzakirə edilən, bəyənilən qanun layihəsinin plenar iclaslarda müzakirəsi və qəbulu hələ də mümkünləşmir.
Hətta parlamentin bir neçə il öncəki sessiyalarından birinin qanunvericilik işləri planına daxil edilsə də, MM-in müvafiq Elm və təhsil komitəsi tərəfindən bu yöndə yeni və ayrıca qanun layihəsinin hazırlıqlarına başlanılsa da, bu məsələnin taleyindən, necə olacağından xəbər yoxdur.
İllərdir müzakirəsini və qəbulunu gözləyən qanun layihələri arasında bir zamanlar millət vəkili olmuş Sabir Rüstəmxanlı, hazırda MM-in Mədəniyyət komitəsinin sədri olan Rafael Hüseynov tərəfindən gündəmə daşınan, ilkin variantı hazır olan “Adlar və soyadlar haqında” qanun layihəsi də var.
Ən azı ikinci çağırış parlament dövründən ətrafında müzakirələr açılan bu qanun layihəsinin hansı səbəbdən ləngidildiyi məlum deyil.
Müzakirəsini və qəbulunu gözləyən qanun layihələri arasında reproduktiv sağlamlıqla, turizmlə, mərasimlərlə, uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi, maliyyə nəzarəti, aşıq sənətinin, muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihələri də var.
Neçə illərdir bu barədə məsələ qaldırılsa, adları çəkilən sənədlərin ilkin variantları hazırlansa da, onların müzakirəsi və qəbulu müşkülə dönüb.oxu.az

