Naxçıvan: Mübarizə, qürur və əzəmət rəmzi
9 fevral 1924-cü ildə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb
Keçən əsrin əvvəllərində erməni təcavüzkarlığı öz zirvəsinə qalxmışdı. 1905-1907, eləcə də 1918-1920-ci illərdə Naxçıvanda, Zəngəzurda, Qarabağda, Şamaxıda, Qubada və digər Azərbaycan torpaqlarında erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı qırğınlar törətmişdilər. Mərkəzi Naxçıvan olmaqla, Şərur-Dərələyəz, Vedibasar və Sürməli bölgələrində qurulan Araz-Türk Respublikasının əsas missiyası yerli əhalini erməni qırğınlarından qorumaq idi. Həmin dövrdə regionda ingilis, amerika hərbi qüvvələrinin olması, Amerika general-qubernatorluğunun yaradılması böyük dövlətlərin Qafqaz planlarına doğru atılmış addımlardır. Bu planların nəticəsində 1918-ci ildə tarixi Azərbaycan torpaqlarının hesabına Ararat Respublikası yaradıldı, qədim Azərbaycan şəhəri İrəvan regionda gərginliyin azaldılması üçün bu yeni dövlətə güzəştə gedildi. 1920-ci ildə Sovet işğalı nəticəsində isə böyük mübarizədə regionun qalibi müəyyənləşmiş oldu. Qısa zamanda tarixi arzularına çatan ermənilərin ambisiyaları daha da artdı. Digər “böyüklər”dən müstəqil dövlət payı alan ermənilər Qafqazın yeni ağası olan Sovet Rusiyasından da Azərbaycan torpaqlarını pay almaq uğrunda səy göstərirdilər. Nəticədə Zəngəzur ermənilərə hədiyyə edildi, Naxçıvan və Qarabağ isə növbəti hədəf seçildi.
Həmin dövrdə Naxçıvan, ilk növbədə, yerli əhalinin mübarizəsi və qətiyyəti hesabına Azərbaycanın tərkibində qalmış oldu. Yerli əhalinin təkidi ilə Moskva tərəfindən keçirilən rəy sorğusuna əsasən, Naxçıvanda yaşayan əhalinin böyük əksəriyyəti qətiyyətlə Azərbaycanın tərkibində qalmaq istəklərini bildirdilər. 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri isə Naxçıvanın statusunun toxunulmazlığına beynəlxalq zəmanət qazandırmış oldu. Bütün bu siyasi-hərbi mübarizə 9 fevral 1924-cü ildə Naxçıvanın Azərbaycan SSR-in tərkibində Muxtar Sovet Sosialist Respublikası statusu ilə yekunlaşdı. Təqvimin bu günü Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiqləməklə tarixə yazıldı. Buna görə də 9 fevralı, hər şeydən əvvəl, Naxçıvanda yaşayan əhalinin qətiyyətinin zəfəri adlandırmaq olar.
Sovet dövründə də Naxçıvana qarşı erməni fitnəsi və ögey münasibət davam etmişdir. Belə ki, Kremlin təzyiqi ilə 1929-1931-ci illərdə Naxçıvanın 9 kəndi Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmişdir və Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Tarixi Azərbaycan torpaqları Zəngəzurun, Dərələyəzin Sovet rəhbərləri tərəfindən Ermənistan SSR-ə hədiyyə edilməsi hesabına Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsi kəsilmiş və nəticədə, Naxçıvan anklav əraziyə çevrilmişdir.
Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını və böyük Azərbaycançılıq ideallarına dönməz sədaqətini Sovetlər İttifaqının dağılması dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinə xidməti ilə bir daha təsdiq etmişdir. 1990-cı ildə ilk dəfə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması ilə bağlı qərar verildi. 20 yanvar gecəsi isə Naxçıvan MSSR-in Ali Sovetinin fövqəladə sessiyasında muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul edildi. Sonralar bu tarixi qərarı şərh edən görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Naxçıvanlıların bu tarixi hərəkəti həmin dövrdə Sovet İttifaqı üçün misli görünməmiş hadisə idi… Bu, naxçıvanlıların nə qədər mərd, cəsarətli və azadlıqsevər olduqlarının sübutu idi.” Əsrin sonlarında ermənilərin Azərbaycan torpaqlarına yeni təcavüzü başlayarkən ulu öndər Heydər Əliyev Qars müqaviləsini yenidən gündəmə gətirməklə Naxçıvanın Azərbaycanın ayrılmaz parçası olmaq taleyini bir daha həll etmiş oldu.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə nəticəsində Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və dövləti üzərində olan 30 illik ləkəni silib atmaqla azərbaycanlıları yenidən qalib bir millət kimi bütün dünyaya tanıtdı. Prezident İlham Əliyev təkcə hərb meydanında qazanılan qələbənin baş memarı deyil, eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış münaqişənin gedişində blokdaya salınmış Naxçıvana gedən yolun tikintisinə dair maddənin üçtərəfli bəyanata daxil edilməsinə nail olmaqla həm bu regionun problemini həll edən, həm də bütövlükdə daha genişmiqyaslı geoiqtisadi layihənin icrasına imkan yaratmış zəmanəmizin görkəmli strateqi, dövlət və siyasi xadimidir. Həmin maddədə nəzərdə tutulanların yerinə yetirilməsilə Naxçıvanın blokadasına son qoyulacaq, İğdır – Naxçıvan dəmir yolunun tikintisi ilə Azərbaycan Türkiyə üzərindən Avropaya çıxa, eyni zamanda, Fars körfəzinə enə biləcək, Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək, Türkiyənin türk dünyası ilə quru əlaqəsi qurulacaq. Bu yol Rusiyaya Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxmağa imkan verəcək, beləliklə, regionda iqtisadi əməkdaşlıq canlanacaq.

