“Erməni lobbisinin şıltaqlıqları böyük layihələrə mane ola bilməz”
Prezidentin köməkçisinin xarici diplomatlarla Cəbrayıl və Zəngilana səfəri zamanı İtaliya və Böyük Britaniya səfirlərinin verdiyi açıqlamalar xüsusi diqqət çəkdi. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari yenidən Azərbaycanın nəzarətində olan bu torpaqlara gəlməyin çox gözəl və təsirli olduğunu dedi. O, Cəbrayıl qəbiristanlığının dağıdılması faktına da mənfi münasibətini bildirdi.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da Cəbrayılda dağıntıların miqyasının böyük olduğunu vurğuladı və Britaniya şirkətlərinin Azərbaycana işğaldan azad olunmuş ərazilərində aparılacaq quruculuq işlərinə cəlb olunmasından danışdı. Bu gün isə Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfər edib. Bu, Londonun Azərbaycana verdiyi önəmin göstəricisi kimi də qəbul edilir.
Bəs İkinci Qarabağ müharibəsi zamanı Avropanın aparıcı ölkələrindən olan Britaniya və İtaliyanın Azərbaycanın yanında olması və hazırda da bu ölkələrin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri və bu cür açıqlama verməsi nə ilə əlaqəlidir? Bununla Ermənistana və regional güclərə hansı mesajı verirlər?
ARANTV.AZ xəbər verir ki, Eurasia Diary bu mövzuda siyasi analitik Turab Rzayevdən şərh alıb.
Ekspertin sözlərinə görə, tarixən Azərbaycanın Avropa dövlətlərindən olan Britaniya, İtaliya və Almaniya ilə münasibətləri daha yaxın olub: “Bu, xüsusilə müstəqillik dövründən sonra daha çox hiss olunmağa başladı. Belə ki, Britaniya daha aktiv şəkildə Azərbaycandakı iqtisadi proseslərə qoşuldu. Hətta Bakı-Tiflis-Ceyhan xəttinin çəkilməsində, Əsrin müqaviləsinin imzalanmasında, Azərbaycanın yenidən dünyaya neft ixrac etməsində Britaniyanın xüsusi rolu və çəkisi olub. Avropa İttifaqının üç ölkəsi Qafqazın yeni müstəqillik qazanmış ölkələri üçün qeyri-rəsmi də olsa tərəfdaş kimi qəbul olundu. Bunlardan Gürcüstan üçün Almaniya, Ermənistan üçün Fransa, Azərbaycan üçün isə İtaliya seçildi”.
Politoloqun sözlərinə görə, İtaliya hazırda Azərbaycanın ən böyük ticarət partnyorlarından biridir. “Düzdür, Azərbaycan məhsullarının son satış nöqtəsi daha çox Almaniya olsa da, Azərbaycan neftinin böyük bir hissəsi İtaliya limanları vasitəsilə həyata keçirilir. Bundan başqa, bizim ölkələr arasında mədəni yaxınlıq da var. Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatına üzv ölkələr BMT Təhlükəsizlik Şurasında Azərbaycanın lehinə olan dörd qətnamənin ləğvi edilərək yeni qətnamələrin qəbul olunmasını əngəlləməkdə aktiv şəkildə dəstək oldular. Təhlükəsizlik Şurasına üzv olan ölkələrdən biri də veto qoyaraq Azərbaycanın əleyhinə qətnamələrin çıxmasının qarşısını aldı” deyərək, T. Rzayev vurğuladı.
Ekspert bildirdi ki, müharibənin gedişatında Britaniyanın həm Lordlar, həm də Nümayəndələr Palatasında bəzi üzvləri tərəfindən Ermənistan aqressiyasına, onun maliyyələşdirilməsinə qarşı qanun layihəsi irəli sürüldü: “Məhz bunun nəticəsində dünyada yeni bir trend başladı. ABŞ Konqresində də yenə Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə bir neçə qanun layihəsi təqdim olundu. Bu da öz-özündə əhəmiyyətlidir. Eynilə, Avropa İttifaqında Azərbaycan əleyhinə Ermənistan lobbisinin formalaşdırdığı bir qrup var. Bu qrupa daha çox Fransa rəhbərlik edir. Belçika, Hollandiya, Avstriya kimi Azərbaycana qarşı köklənmiş, müəyyən qədər irqçi qüvvələrin də təmsil olunduğu Ermənistana havadarlarıq edən bəzi ölkələrin orada deputat qruplaşmaları var. Həmişə bu ölkələr içərisində müəyyən qədər neytrallığı ilə Almaniya seçilir və müəyyən qədər Azərbaycana yaxınlığı ilə seçilən digər ölkə İtaliyadır. İtaliya Avropa İttifaqında Azərbaycanın maraqlarını qorumağa çalışır. Əlbəttə ki, Böyük Britaniya “Brexit”dən sonra Avropa İttifaqı daxilində siyasətə deyil. Ancaq əməkdaşlıq tam bitməyib və təsir imkanları qalır. Bu da özlüyündə strateji əməkdaşlıq sayıla bilər. Xanım Vendi də bu günlərdə Azərbaycana səfərdədir. O, güman ki, Azərbaycanla Britaniya arasındakı növbəti strateji əməkdaşlıq zirvəsinə də qatılacaq”.
Ekspert qeyd etdi ki, işğaldan azad edilmiş ərazilər artıq Azərbaycanın suverenliyi altında olan ərazilərdir və bunu bütün dünya qəbul edir: “Burada Rusiyanın və ya Türkiyənin mandatından ATƏT-ə ötürülməsi faktı ilə bağlı nəsə bir yenilik varsa, bunun yeganə məqsədi de-yure Azərbaycanın ərazi bütövlüyünün bərpasını təsdiqləməsidir. Əks halda, yeni müharibə ocağı yaranmış olar. İtaliya və Britaniya çox yaxşı anlayır ki, regiona sülh və sabitlik lazımdır. Çünki bu region Avropa üçün çox əhəmiyyətlidir. Şərq və Qərb arasında körpüdür, alternativ enerji qaynağıdır. Bu regionda sülh və sabitlik təkcə Türkiyənin, Çinin marağında deyil. Çindən Londona qədər Avropanın bütün ölkələrinə gedən yeni ticarət xətləri üçün bu əlavə xətdə sabitliyin olması çox əhəmiyyətlidir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra Cənubi Qafqaz həm təhlükəsiz nəqliyyat zonası, həm də təhlükəsiz enerji koridoru olacaq. Həm Orta Asiyadan Avropaya gedən enerji xətləri, həmçinin Avropadan Asiyaya gedən ticarət xətləri, bundan başqa Çinlə Avropa arasında olan ticarət logistika xətləri bu ərazidə təhlükəsiz şəkildə davam edəcək. Ona görə, bu ölkələr açıq şəkildə bildirirlər ki, bu böyük ticarət, iqtisadiyyat, qloballaşma, humanitar layihədir. Qərblə Şərq arasında böyük ticarət layihəsidir. Bu layihə sırf erməni lobbisinin şıltaqlıqlarına görə pozula bilməz. Düşünürəm ki, əsas mesaj budur”.
Onun sözlərinə görə, Belçika, Hollandiya və Avstriya həm Fransanın, həm də erməni lobbisinin təzyiqilə Azərbaycan əleyhinə qərarlar qəbul edirlər.
“Amma buna qarşı həmişə Azərbaycanın yanında olan daha ədalətli ölkələr var. Almaniya daha çox neytrallıq saxlayır. İtaliya daha çox burda sülhün və əminamanlığın, dialoqun tərəfdarıdır.
Qoşulmama Hərəkatına üzv olan yeddi ölkə və Təhlükəsizlik Şurasının bir üzvü Azərbaycan əleyhinə olan yeni qətnamələrin qəbulunun qarşısını aldı. Bütün diplomatik kluarlarda müzakirə olunur ki, məhz Böyük Britaniya bu qətnamələrə qarşı çıxıb. Bu özü artıq Britaniyanın Azərbaycan lehinə qərar qəbulunda istifadə olunmasını göstərir. Bundan əlavə, Britaniya mətbuatı BBC timsalında Paşinyanı biabır etdi. Azərbaycan bu ölkələrlə əlaqələrdən faydalanır. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bu əlaqələr daha da genişlənəcək. Çünki ölkə rəhbərinin belə bir missiyası var ki, həmin ərazilər yaşıl ərazi prinsipinə uyğun olaraq bərpa olunacaq. Bundan başqa smart tipli şəhər və qəsəbələr salınacaq. Biz mümkün qədər İtaliya və Britaniya təcrübəsindən istifadə edə bilərik. Müharibə vaxtı Azərbaycanın yanında olan ölkələri yenidənqurma və bərpa işlərinə cəlb edəcəyik. Bu ölkələrin şirkətləri həmin tenderlərdə iştirak edə bilərlər. Bu bizə həm İtaliya, həm də Britaniya ilə siyasi və iqtisadi əlaqələrin daha da inkişaf edəcəyini deməyə əsas verir”, – o, fikrini tamamlayıb.

