Pandemiya ilində iş yerlərinin sayı necə artıb?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1691,8 min nəfər olub. Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün deyək ki, 2020-ci ilin yanvarın 1-nə dövlət sektorunda muzdla işləyənlərin sayı 916,4 min nəfər, qeyri-dövlət sektorunda 730,2 min nəfər olub. Bu da o deməkdir ki, ötən dövlət sektorunda çalışanların sayı 5,6 min nəfər və ya 0,6 faiz azalıb, qeyri-dövlət sektrunda isə 50 min 800 nəfər və ya 7 faiz artıb.
Xatırladaq ki, hələ 2020-ci ilin dekabr ayında iqtisadiyyat naziri Mikayıl Cabbarov gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda mart ayından etibarən təxminən 80 min yeni iş yerinin açıldığını demişdi.
Dövlət Statistika Komitəsinin digər bir məlumatına görə, bu ilin yanvarın 1-nə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 252,5 min nəfər olub, onlardan 4 milyon 876,6 min nəfərini məşğul əhali təşkil edib. Bununla da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,2 faiz artıb, məşğul əhalinin sayı isə 1,26 faiz azalıb.
Nəzərə alınmalıdır ki, pandemiya ilə mübarizə çərçivəsində məhdudlaşdırıcı tədbirlər qeyri-formal əmək münasibətlərinin bir hissəsinin leqallaşdırılmasını zəruri edib. Söhbət ondan gedir ki, karantin tədbirləri zamanı xidməti icazələrin alınması leqal əmək münasibətləri olmadan mümkün deyildi. Bu, öz növbəsində əmək müqavilələrinin – iş yerlərinin sayının artması demək idi.
Təsadüfi deyil ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən müsahibələrin birində bildirmişdi ki, may ayının 1-i tarixinə Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Nazir əmək müqavilələrinin sayında artımı işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə dövlət başçısı tərəfindən edilən çağırışların uğurlu nəticəsi ilə izah etmişdi. Bu baxımdan da pandemiya dövründə gözlənilmədən xeyli sayda iş yerinin açılmasının başlıca səbəbi bu olmalıdır.
Digər tərəfdən pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması, eyni zamanda, qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması istiqamətlərində tapşırıqlar ölkədə iş yerlərinin qorunmasını təmin etmək məqsədi daşıyırdı.
Bütün bunlar pandemiya ilində iş yerlərinin sayının nəinki azalması, əksinə artması statistikasını formalaşdırsa da, dövlət sektoru üzrə iş yerlərinin sayının azalması da maraqlı faktdır. Bu baxımdan sözügedən məsələyə Maliyyə Nazirliyində geniş kollegiya iclasında səslənmiş fikrin fonunda aydınlıq gətirmək mümkün olur. Belə ki, iclasda büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan nazir Samir Şərifov, ilk növbədə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların lüzumsuz ştatların artırılmasından çəkinməli olmasının vacibliyini vurğulayıb. Görünən odur ki, nazirin toxunduğu məsələnin həllinə elə ötən ildən başlanılıb.

