Münhendən başlayan kapitulyasiya – 1 il öncə Əliyev Paşinyanı necə “nokaut”a salmışdı…
Fevralın 15-də Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdən bir il ötür. Dünyanın diqqətinə səbəb olmuş həmin tarixi və gərgin debata bu dəfə 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimizin kontekstində baxmaq zərurəti var. Çünki hərbi uğura aparan yol diplomatiya və informasiya savaşındakı qələbədən keçir, mütləq böyük siyasi-təbliğatı hazırlığa bağlı olur.
Ondan başlayaq ki, debatda prezident İlham Əliyevin nəinki keçmiş Dağlıq Qarabağ konflikti, bütövlükdə milli maraqlarımızla bağlı bütün məsələlərdə prinsipial və barışmaz mövqeyi, rəqibi – Ermənistan baş naziri Nikol Paşinyan üzərində aşkar diplomatik və əzici üstünlüyü, auditoriyanı inandırmaq qabiliyyəti özünü qabarıq şəkildə göstərdi. Bir rusiyalı tanınmış politoloqun o vaxt dediyi kimi, Azərbaycan lideri Ermənistan rəhbərini bütün parametrlər üzrə siyasi-diplomatik rinqdə asanca və çox ustalıqla “nokaut”a saldı. Bunu az sonra ermənilərin özləri də etiraf etdilər…
Debatın əvvəlində diqqət çəkici mühüm məqamlardan biri Paşinyanın istər yaxın, istərsə də uzaq tarixlə bağlı boşboğazlığına, hətta BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağa dair cəmi 27-28 il öncə qəbul etdiyi məlum qətnamələri təhrif və təftiş etmək cəhdlərinə İlham Əliyevin tutarlı, arqumentli, tarixi faktlara və beynəlxalq hüquqa söykənən dəlillərlə cavab verməsi oldu. Qanuni və əzəli torpaqlarımızda etnik təmizləməyə və vandalizmə, Xocalı soyqırımı kimi antibəşəri cinayətə bais olan erməni faşizminin mahiyyətini Azərbaycan Prezidenti özünə xas təmkin və diplomatik ustalıqla faş etdi. Bir növ, dünyanın gözünü acdı.
Sözügedən debat Türkiyə mediasında
Məsələ də ondadır ki, torpaqlarımızın işğalına, etnik təmizlənmələrə və Xocalı vəhşiliyinə haqq qazandırmaq üçün böyük həvəslə mifik “böyük Tiqranın dövləti”ndın belə yapışan Paşinyanın çıxışı özünü ifşadan uzağa gedə bilmədi, gedə bilməzdi. Bununla o, mötəbər auditoriyada özü haqda tarixdən bixəbər, saxtakar, diletant siyasi xadim qənaətini yaratdı. Odansa, soyqırımına görə öz xalqı adından Azərbaycandan üzrxahlıq etsəydi, dünyanın gözündə daha səmimi rəhbər-siyasətçi imici qazana bilərdi.

Lakin “demokrat” Paşinyanın siyasi təfəkkürü və Qarabağ məsələsinə baxışı onun hakimiyyətdən devirdiyi Qarabağ klanının faşist baxışlarından zərrəcə fərqlənmədi. Hətta onlardan artıq oldu. Beləcə, debat nəticəsində beynəlxalq ictimaiyyətin gözündə Ermənistanın təcavüzkar ölkə imici möhkəmlənmiş oldu. Həm də o səbəbə ki, Azərbaycanın dövlət başçısı nəinki beynəlxalq hüquq normaları, habelə danılmaz tarixi dəlillər baxımından haqq-ədalətin kimin tərəfində olduğunu əyani və müqayisəli şəkildə ortaya qoydu. Fərq bunda idi: debatda Paşinyanın “barmaqdan sovurduğu” saxta sübutları Əliyev sənəd-sübutlarla alt-üst etdi.
Məsələn, Azərbaycan rəhbəri çıxışının əvvəlində dedi: “Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ ölkəmizin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir.

Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikalarının yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır.
Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir”.
Bəli, tarixdir. Öz də heç kəsin, o cümlədən mənfur və bədxah qonşuların dana bilməyəcəyi tarix. Əlbəttə ki, Prezidentin haqqında danışdığı bu dəlilərə hər kəs ən əvvəl Rusiya mənbələrində asanca əminlik hasil edə bilər. O Rusiya ki, onun Azərbaycana qarşı Ermənistandan daha isti münasibətdə, ermənilərə qarşı qərəzli mövqedə durduğunu söyləmək, yumsaq desək, absurddur. “Mənim giriş nitqimdə dediklərim yüz faiz həqiqətdir. Hansılar ki, elə indi yoxlanıla bilər. Sadəcə, internetə daxil olub istinad etdiyim həmin sənədləri taparaq siz kimin həqiqəti deyib-demədiyini anlaya bilərsiniz”. Bu sitat da İlham Əliyevə məxsusdur.
Yaxud Prezidentin bu xüsusda söz açdığı başqa bir güclü, ifşaedici tarixi dəlil: “Şaumyan bolşeviklərdən biri idi, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir – “Xanın kəndi”. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, “kert” Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur”.
Bunun qarşılığında yenə cılız “arqument” axtarışına baş vuran və açıq-aşkar cığallıq edən, hakimiyyətdə olduğu ilk gündən öz yanlış mövqeyi ilə problemin dinc həll yolunu çıxılmaz dalana salan Paşinyan isə görün nə deyir: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Hərbi həll yoxdur. Beynəlxalq ictimaiyyət bunu güclü və aydın şəkildə bəyan etməlidir. Əgər kimsə əksini düşünürsə, deyirsə ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür, güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xalqları cavab verərdi”.
Amma Azərbaycan, onun xalqı və dövləti cəmi 7-8 ay sonra, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında sübut etdi ki, problemin hərbi həlli var! Konfliktin çözümü məhz hərbi, İlham Əliyevin təbirincə desək, öncə hərbi, sonra isə siyasi, yəni hərbi-siyasi yoldan keçir. İşğalçı Ermənistanın “məğlubedilməz” ordusunun məhvini, BMT qətnamələrinin tam yerinə yetirilməsini təsbit edən və 44 günlük müharibənin, konfliktin yekunu sayılan 10 noyabr üçtərəfli anlaşması, Paşinyanın imza atdığı kapitulyasiya sənədi nədir bəs?!..
Bütövlükdə Münhen debatı Paşinyan timsalında Ermənistanın Qarabağ diplomatiyasının tam iflasının və problemin artıq hərbi-siyasi həll mərhələsinə keçdiyinin, həmçinin təcavüzkarın kapitulyasiya edəcəyi günün uzada olmadığının ən güclü anonsu, xəbərçisi kimi yadda qaldı. Əsas da o səbəbə ki, Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatı ilə on illərdir sülh danışıqlarını imitasiya edən ATƏT-in Minsk Qrupunun “tabutuna” faktiki son mismarı da çalmışdı…
Müzakirələrdə erməni tərəfinin özünü-ifşası ilə yadda qalan kritik məqamlardan digər biri Paşinyanın Xocalı soyqırımını guya “azərbaycanlıların özləri törətməsi” haqda eks-prezident Ayaz Mütəllibova istinadla söylədiyi növbəti uydurma ilə əlaqədar oldu. Bu cəfəngiyata da Azərbaycan dövlət başçısının tutarlı cavabı gecikmədi.

Sitat: “Mən, təəssüf ki, ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə aydınlıq gətirmək istərdim. Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib.
Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
Bəli, məhz sinizm, yəni bütün məntiq sərhədlərini aşan həyasızlıq! Məhz erməni tərəfinin, onun rəhbərlərinin illərlə öz xalqını total, sinik yalanlarla “yedizdirməsi” II Qarabağ savaşına və işğalçı ölkənin, onun xalqının tam iflasına və ağır faciəsinə gətirdi…
Prezidentin tarixi, Ermənistanın Qarabağ siyasətini faş edən çıxışından başqa bir mühüm sitat: “Qarabağın “özünümüdafiə qüvvələri”ndən danışanda, o (Paşinyan – red.), bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki, “Dağlıq Qarabağ ordusu”nun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, “Dağlıq Qarabağ ordusu” anlayışı, “Dağlıq Qarabağ Respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər. Dağlıq Qarabağ tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq”.
Eyni zamanda, Prezident Qarabağdakı erməni əhalisi ilə bağlı bir daha dövlətimiz adından zəmanət verir: “Biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar”.
Amma qarşılığında “demokrat” Paşinyan (demokrat olmaq həm də dürüst olmaq deməkdir! – red.) yenə yalanlar üyüdür, sələfləri kimi, ərazilərimizin işğalına “müqəddəratını təyinetmə” donu biçməyə cəhd edir, halbuki erməni xalqı çoxdan “Ermənistan” dövləti timsalında öz müqəddəratını təyin edib və bu hüquq da xalqlara verilir, onun ayrı-ayrı hissələrinə, yaxud icmalara yox: “Prezident Əliyevin söylədiyi ərazilərə gəldikdə (keçmiş DQMV ətrafındakı 7 rayon nəzərdə tutulur – red.), Azərbaycanın nöqteyi-nəzərindən bunlar ərazidir. Lakin Qarabağın nöqteyi-nəzərindən, bu, təhlükəsizlikdir. Çünki biz anlamalıyıq ki, hazırkı status-kvo nə səbəbə görə yaranıb. Dağlıq Qarabağ öz müqəddəratını təyinetmə hüququndan yararlanmaq istədiyi zaman Dağlıq Qarabağın ermənilərinə qarşı hərbi əməliyyatlar başladı. Dağlıq Qarabağ erməniləri öz müdafiəsini təşkil etməyə məcbur oldular. Bilirsiniz, heç kəsin təhlükəsizliyi kənarda qala bilməz. Bu, Qarabağa da aiddir. Prezident Əliyev Azərbaycanın hərbi qüvvələri haqqında danışdı. Mənim oğlum hərbi qulluğu Dağlıq Qarabağda keçir. Lakin o, oraya həmvətənlərini müdafiə etmək üçün könüllü qaydada gedib, çünki o, tarixi, 1998-ci ildən nəyin baş verdiyini bilir”.
Bəli, 1988-ci ildə nəyin baş verdiyini indi artıq bütün dünya bilir. Xüsusən də işğalçı tərəfin 44 günlük savaşda rüsvayçı məğlubiyyətindən sonra. Ermənilər hələ də 32 il öncəki gerçəyi baş-ayaq təqdim edib özlərini bilməzliyə vursalar da. Bu bilməzliyin onlara neçəyə başa gəldiyini əyani görsələr də, əyani yaşasalar da.
“Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim budur ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”
Nikol Paşinyanın replikası: “Lakin mən deyərdim ki, böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər”.
İlham Əliyevin gecikməyən ironik reaksiyası: “Ermənilər və ermənilər”.
Azərbaycan Prezidentinin Münhen debatının sonunda vurduğu bu mükəmməl akkordlar nəinki diplomatiya alanında, elə gözlənilən hərb meydanında da qalibin kim olacağının aydın mesajları idi…

Bir il öncəki kritik debatdan da göründüyü kimi, Azərbaycanın müzəffər Ali Baş Komandanı hələ Münhen görüşü zamanı Dağlıq Qarabağla bağlı “nəyi, nə vaxt etmək” lazım olduğunu yaxşı bilib və strateji hədəfə çatmaq üçün konkret qrafikə, əməliyyat və fəaliyyət proqramına, bitkin “resept”ə malik olub. Və bütün dünya buna 44 günlük müharibə zamanı və bu müharibənin ölkəmizin xeyrinə hələ də davamı gələn nəticələrində əminlik hasil etdi.
Prezident yalnızca “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” deməklə kifayətlənmədi, qat-qat önəmlisi odur ki, o, özünün bütün siyasi, diplomatik bacarığını və təcrübəsini səfərbər edərək, ardıcıl və qətiyyətli və düşünülmüş və işlək fəaliyyət proqramı quraraq, bu şüarı həyata keçirdi. Yəni sözü ilə əməlinin vəhdət təşkil etdiyinə heç kəsdə, o cümlədən düşmən tərəfdə şübhə saxlamadı. Cəmi 44 gündə ərazi bütövlüyümüzün bərpa olunması öz-özlüyündə hər şeyi deyir…
Analitik şöbə,
Musavat.com

