ABŞ-ın San Dieqo şəhərində 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib
ARANTV.AZ xəbər verir ki, ABŞ-ın San Dieqo şəhərində 31 dekabrın “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilməsi ilə bağlı bəyannamə imzalanıb.
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 31 dekabr 2018-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib. Bununla bağlı şəhər meri Kevin Falkoner tərəfindən müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə Azərbaycan xalqının 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Azərbaycanda qədim dövrlərdən bəri müsəlman, xristian və yəhudilərin birgə sülh şəraitində yaşadıqları qeyd olunur. Bəyannamədə San Dieqoda yaşayan Azərbaycan icmasının şəhərin mədəni müxtəlifliyi, zəngiliyi və iqtisadi inkişafına fəal şəkildə töhfə verdiyi vurğulanaraq, 31 dekabr tarixinin San Dieqoda yaşayan minlərlə azərbaycanlı da daxil olmaqla, bütün dünyada yaşayan 50 milyon azərbaycanlı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyi bildirilir. Bəyannamənin sonunda San Dieqo şəhərinin meri K.Falkoner şəhər sakinləri adından 31 dekabr 2018-ci il tarixini sözügedən şəhərdə “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edir.

