Qəzvin-Rəşt-Astara dəmir yolunun işə düşməsi Azərbaycanla İran arasındakı ticarət dövriyyəsini artıracaq
ARANTV.AZ xəbər verir ki, son bir ildə Azərbaycan Respublikası ilə İran arasında ticarət dövriyyəsi 10 dəfə artıb, Qəzvin-Rəşt-Astara dəmir yolunun işə düşməsi ilə bu dövriyyənin daha da artması gözlənilir. Bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami söyləyib. Hazırda dəmiryolunun Rəşt-Astara hissəsində işlər sürətlə davam etdirilir.
Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri üzrə işlər intensiv şəkildə davam etdirilir. Hazırda bu nəqliyyat dəhlizində hər iki istiqamət üzrə daşımalarla yanaşı, Azərbaycan tərəfi İran Astarasında yeni yük terminalları inşa edir. Bu isə iki qonşu və dost ölkə arasındakı əlaqələrin inkişafının göstəricisidir. Bu fkirlərin müəllifi İranın yollar və şəhərsalma naziri Məhəmməd İslamidir. Onun sözlərinə görə, hər iki dövlətin müvafiq strukturlarının səmərəli əməkdaşlığının nəticəsində birgə layihələrin reallaşmasına nail olunub. Nazir bildirib ki, Astara-Astara dəmir yolunun istifadəyə verilməsi qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinə böyük təkan verəcək. Hər iki dövlət Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edir. Bu yol İranı Rusiya və Avropa, Azərbaycanı isə Fars körfəzi ölkələri ilə birləşdirəcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi tam hazırdır, Rəşt-Astara hissəsində isə işlər sürətlə davam etdirilir. Bu yolun işə düşməsi İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq və hər iki dövlətin iqtisadi inkişafına əsaslı təkan verəcək. Hazırda isə Azərbaycan tərəfi İranda 35 hektar ərazidə yük terminalının inşasını həyata keçirir. Terminal 25 il müddətində Azərbaycanın icarəsində olacaq. Eləcə də, burada inşa edilmiş 1,4 km uzunluğunda dəmir yolu da 15 illik müddətdə ölkəmizin icarəsindədir. Ümumiyyətlə isə İran ərazisində inşa edilən Astara Yükaşırma Terminalı 4 hissədən: quru yük terminalı, konteyner terminalı, taxıl terminalı və neft terminalından ibarət olacaq. Terminalın ilkin mərhələdə yük aşırma gücü ildə 1,2 milyon ton təşkil edəcək ki, yaxın perspektivdə bu rəqəmin 3,5 milyon tona çatdırılması planlaşdırılır. Yeni terminal İranının və eləcədə Fars körfəzi ölkərinin Rusiya və Avropa ilə nəqliyyat əlaqələrini asanlaşdıracaq. Bu il fevral ayının 9-dan isə Astara-Astara dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil olub və terminalda vaqonların boşaldılması prosesinə başlanılıb. Rusiyadan İrana və əksinə daşımalar həyata keçirilir.

