Gələn il ölkəmizdə “İşçinin dostu” proqramına başlanılacaq
ARANTV.AZ xəbər verir ki, gələn il ölkəmizdə “İşçinin dostu” proqramına başlanılacaq. Bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibəti ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münaibəti ilə nazirliyin kollektivi əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olundu. Şəhidlər xiyabanı da ziyarət edildi, “Əbədi məşəl” abidəsi önünə əklil qoyuldu. Sonra “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyindən bəhs edən filmin nümayişi ilə başladı. Filmdə nazirliyin yaranma tarixindən, eləcə də ümummilli lider Heydər Əliyevin ölkədə sosial siyasətin formalaşması və inkişafı istiqamətində atdığı tarixi addımlar, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından söhbət açılır. Baş nazirin müavini Əli Əhmədov diqqətə çatdırdı ki, Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə dövlətin iqtisadi qüdrətini artırmaqla insanlara göstərilən xidmətin keyfiyyətini və onların həyat şəraitini daha da yüksəltməkdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə dedi ki, son 15 ildə sosial təminat sisteminin ildən-ilə güclənir və əhatə dairəsi genişlənir. Bunun nəticəsi kimi əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci ildə 222,5, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 249,5 manata çatıb. Bu il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcminin 2003-cü ilə nisbətən 16,7 dəfə çoxalıb. Bununla yanaşı bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla, 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir istiqamət kimi “İşçinin dostu” proqramına başlanılacaq. Bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək.
Dövlət başçısının müvafiq Sərəncamına əsasən, icra edilən özünüməşğulluq proqramına cəlb olunanların sayına gəlincə isə nazir bildirdi ki, bu il göstərici 7800 nəfəri ötüb. Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində də təkmilləşdirmələr aparılıb. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 626 mənzil təqdim edilib, 265 nəfər Qarabağ müharibəsi əlili isə minik avtomobili ilə təmin olunub. Nazirliyin tabeliyində yaradılan DOST Agentliyi və “DOST” mərkəzləri üzrə artıq pasportlar hazırlanıb. 2019-2025-ci ildə paytaxtda və bölgələrdə ümumilikdə 31 “DOST” mərkəzi açılacaq. Bu gün əmək qanunvericiliyi çox mükəmməl şəkildə həm beynəlxalq standartlara, həm də Azərbaycanın tələblərinə, qarşısında duran hədəflərə tam uyğun gəlir deyən Milli Məclis sədrinin müavini Bahar Muradova isə bildirdi ki, nazirliyin iş prinsipi birbaşa əhalinin sosial təminatının yaxşılaşdırlmasına yönəlib. Ombudsman Elmira Süleymanova, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev nazirliyin fəaliyyəti və bu istiqamətdə həyata keçirilən uğurlu islatların əhəmiyyətindən danışdılar. Sonra bir qrup KİV nümayəndəsinə mükafatlar təqdim olundu. Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri və əhəmiyyətindən söz açdı. Konfran işini panel iclaslarla davam etdirdi.

