Çikaqo meri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb
ARANTV.AZ xəbər verir ki, Çikaqo şəhərinin meri Ram Emanuel Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb. Sənəddə bildirilir ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Çikaqo şəhərinin meri Ram Emanuelin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar imzaladığı bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və bütün dünya azərbaycanlılarına ünvanlanıb. Sənəddə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Qafqaz bölgəsinin iqtisadi qüvvəsinə çevrildiyi, regionda sülh, tolerantlıq və multikulturalizmin bərqərar olmasını təmin etdiyi bildirilir. Vurğulanır ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır, insan haqlarının və bəşəri dəyərlərinin yayılmasına öz töhfəsini verir. 2015-ci ildə Çikaqo şəhərində təsis olduqdan sonra ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi mədəniyyətlərin mübadiləsində, Çikaqo və Orta Qərb ştatlarında yaşayan azərbaycanlıların birləşməsində, Çikaqonun Azərbaycan icması isə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilmsində mühüm rol oynayıb. Ölkəmizin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrini möhkəmləndirmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi nəzərə alınaraq, bəyannamədə 2018-ci il dekabrın 31-i Çikaqo şəhərində Azərbaycanlıların Həmrəylik Günü elan olunub.

