Sosial 

Atını sataraq başqa şəxsin borcunu ödəyən şəhidin HƏYAT HEKAYƏSİ – VİDEO

Sağlığında ürəklərdə taxt quran şəhid Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 44 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.

ARANTV.AZ  xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından biri Rauf Əsgərov sağlığında xeyirxahlığı ilə Gəncədə sevilən şəxslərdən olub. O, daim öz yardımları ilə diqqət mərkəzində olub.

Anası Briliyant Əsgərovanın dediyinə görə, yas məclisində tanımadığı adamlar gəlib Hacı Raufun onlara etdiyi yardımlardan danışıblar. Halbuki bunlardan nə ailəsinin, nə də yaxınlarının xəbəri olub. Özünə məxsus atı belə satıb, başqa bir şəxsin borcunu ödəyib. Vətənpərvərlik hissi Raufda hələ uşaq yaşlarından özünü göstərib.

“AzerGold” QSC-nin Təmir-tikinti və Energetika Şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışan Rauf Əsgərov Vətən müharibəsi başlayanda işini, ailəsini geridə qoyaraq döyüşə yollanıb. Hətta döyüş gedən ərazilərə göndərilmək üçün israr da edib. Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən baş leytenant 26 oktyabr 2020-ci ildə Mərdinli kəndində şəhid olub. 3 övladı Vətənə yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,”Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Daha çox xəbərlər