“Parliament Times”: “Azərbaycan müxtəlif mədəniyyətlərə mənsub xalqların sülh şəraitində birgə yaşayışının modelidir”
ARANTV.AZ xəbər verir ki, Azərbaycan ta qədimdən dünyanın multikultural dövlətlərindən biridir. Ölkə Şərqlə Qərbin kəsişməsində yerləşir. Mədəniyyətlərarası dialoq üçün mühitin formalaşması da bunun nəticəsidir. İki sivilizasiya arasında körpü rolunu oynayan Azərbaycan həm Şərq, həm də Qərb dövlətləri arasında nüfüzunu getdikcə artırır.
Pakistanın “Parliament Times” qəzetində dərc olunan “Azərbaycandakı multikulturalizmin mənbəyi” adlı məqalədə müəllif Qaysar Nava belə yazır. O, bildirir ki, bu gün Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi qəbul edilir. Qarşılıqlı anlaşmanı, bütün etnik-dini qruplara hörməti təmin edən multikulturalizm həyat tərzinə çevrilib. 2016-cı il ölkədə “Multikulturalizm İli” elan edilib. Bir sözlə, Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət səviyyəsində inkişaf etdirilir. Bu dəyərlərin inkişafı ölkənin qədim dövlətçilik tarixinə və ənənələrinə əsaslanır. Azərbaycanda yaşayan müxtəlif etnik quruplar ölkə mədəniyyətini zənginləşdirir. Ölkədə siyasi düşüncə, ideologiya Azərbaycanın ümummili lideri Heydər Əliyevin siyasəti nəticəsində formalaşıb, məhz bu siyasət sayəsində tolerantlıq və multikulturalizm ənənələri bərpa olunub. Azərbaycandakı multikulturalizmin siyasi əsası Konstitusiyada, qanunlarda, sərəncam və fərmanlarda da əks olunub. Heydər Əliyev birmənalı olaraq, Azərbaycan xalqının multikultural ənənələrinin qorunması siyasətini yürüdüb. Bu siyasəti hazırda prezident İlham Əliyev davam etdirir.Azərbaycanda tolerantlıq ab-havası yüksək səviyyədədir. Ölkədə multikulturalizmə, konfessiyalararası əlaqələrə həsr olunan çoxsaylı beynəlxalq tədbir, elmi konfrans keçirilir. Bir sözlə, bu gün Azərbaycan müxtəlif mədəniyyətlərə mənsub xalqların sülh şəraitində birgə yaşayışının modelidir.

