Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlan
ARANTV.AZ xəbər verir ki, yanvarın 21-dən 25-dək Starsburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanıb. Sessiyada demokratik seçkilər şəraitində media və təbliğat azadlığı mövzularında debatlar keçiriləcək, internet idarəçiliyi və insan hüquqları müzakirə ediləcək. Finlandiya və Albaniyanın xarici işlər nazirləri parlamentarilər qarşısında çıxış edəcək. Sessiya müddətində AŞPA ədalətli referenduma dair qaydaları yeniləyəcək və Şəriət qanununun Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğu müəyyənləşdiriləcək. Terrorizmə qarşı mübarizə, milli azlıqların hüquqlarının təminatı, əlilliyi olan işçi qüvvəsinin tələbatı, məşğulluq və digər məsələlər müzakirə olunacaq. Assambleyanın prezidentinin iştirakı ilə qadın zorakılığına, ayrı-seçkiliyə qarşı mübarizə də əsas müzakirə mövzularından olacaq.

