Azərbaycanda məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşib
ARANTV.AZ xəbər verir ki, Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nı təsdiqləyib. Sənədə əsasən, bu qayda təşkilati-hüquqi formasından asılı olmayaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların, xüsusi və ümumi təhsil müəssisələrində təhsilə cəlb edilən sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil olunmur. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında müəyyənləşdirilən məzmun standartlarının mənimsənilməsinə yönələn fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədini daşıyır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət göstərir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası məqsədi ilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir. Summativ qiymətləndirmə iki formada aparılır: hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə, həmçinin hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə. Ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə ləğv olunub.

