Siyasət 

Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır

Dövlətimizin başçısı İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha dünyaya bu mesajı ünvanladı

2020-ci il  bütün dünya üçün COVID-19-la mübarizə, ölkəmiz üçün isə  həm də  «Dağlıq Qarabağ münaqişəsi» termininin arxada qaldığı qalibiyyət, Zəfər  ili kimi yadda qaldı. Azərbaycan hər iki cəbhədə mübarizə aparmaqla yanaşı, ədalət meyarının hər bir məsələnin həllində əsas olduğunu önə çəkərək  dünyaya birlik, həmrəylik çağırışlarını ünvanlayır,  qlobal  problemlərin  həllinə töhfələrini  əsirgəmir,  birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin hədəflərin gerçəkləşməsinə yol açdığını irəli sürdüyü  təşəbbüsləri ilə təsdiqləyir.  Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu məsələyə xüsusi diqqət yönəldərək Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən sistemli tədbirlər həyata keçirdiyini diqqətə çatdırdı.

«Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır» söyləyən dövlətimizin başçısının bu yönümdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin  təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi bunun bariz nümunəsidir.

Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi  Zirvə görüşündə  dövlətimizin başçısı bildirmişdir ki,  qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə bu virusa  qalib gələ bilərik. 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkə Prezidenti bu inamı  ifadə etmişdir ki,  Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Həmin Zirvə görüşündə «Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik» söyləyən cənab İlham Əliyev bu çətin dövrdə  bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırmışdır. Məhz bu təşəbbüs dekabr ayında gerçəkləşdi.  130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi.
Ermənistan yenə də öz  öz çirkin niyyətindən əl çəkməyərək irəli sürülən bu təşəbbüsə etirazını bildirdi. Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistanın bu təşəbbüsə qarşı çıxması yenə də dünya dövlətləri tərəfindən adi qarşılandı. Ona görə ki, koronavirus infeksiyasına qarşı heç bir mübarizə tədbiri olmayan, yoluxma və ölüm hallarının daha çox baş verdiyi ölkələrdən biri Ermənistandır. O da məlumdur ki,  Ermənistan Xüsusi Sessiyanın  açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin, dövlətimizin başçısı İlham Əliyevin  çıxışının olmaması üçün cəhdlər etmiş, lakin öz məqsədinə nail ola bilməmişdir.

Əvvəldə də qeyd etdiyimiz kimi,  COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var idi. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe ortaya qoymadı.  Sanki BMT və onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə edirdi və pandemiyaya qarşı mübarizədə kənarda qalmışdı.  Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi.  Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Qoşulmama Hərəkatının üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir və pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının açılış mərasimində Qoşulmama Hərəkatının  sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin quruma   sədrliyinin növbəti böyük uğuru kimi dəyərləndirildi. Xüsusi Sessiyada çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac olduğunu önə çəkərək bildirmişdir ki, hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev vurğulamışdır ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Quruma toplam 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə töhfəsi edildiyini önə çəkən dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, bununla yanaşı, bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil siyasəti ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam  yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Dövlətimizin başçısı  İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında  əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir.  44 günlük müharibədə Azərbaycanın hərbi və siyasi Qələbəsi dövlətimizin  xarici siyasətində önəm verdiyi prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub-durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı İkinci Qarabağ müharibəsinin davam etdiyini 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində, həmçinin bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında   bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Cənab İlham Əliyevin dünyanın nüfuzlu  media orqanları vasitəsilə dünyaya ünvanladığı mesajlar sırasında hazırda vaksinasiya ilə bağlı yaşanan mənzərə öz əksini tapdı. «Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq… Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Azərbaycan  həm də “COVAX” layihəsinə qoşulub. Ölkəmiz bu layihə üzrə  “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıdır. Həmçinin  Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə  ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalanıb.  Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Amma  hələlik bu vaksinlər ölkəmizə  daxil olmayıb. Ölkə Prezidenti bu məlumatı da qeyd etmişdir ki,  “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib. “CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Statistikaya əsasən, hər gün  15-20 min nəfər vaksinlənir. Dövlətimiz  bu istiqamətdə bütün imkanlardan istifadə edəcək. Bunun üçün müvafiq maliyyə vəsaitləri də ayrılıb.

Dövlətimizin başçısı bu reallıqlar fonunda onu da bildirib ki,  BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş Xüsusi Sessiyasında  səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın: «Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil.»

Azərbaycanın bu vaksinləri almaq üçün imkanı olduğunu önə çəkən cənab İlham Əliyev  «Bəs, vəsaiti olmayanlar nə etsinlər» sualına cavab olaraq bildirir ki, bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: «Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır.»

Qeyd edilənlər fonunda dünyanın ədalət meyarını arxa plana keçirməsinə Azərbaycanın sərt mövqeyi özünü qabarıq şəkildə büruzə verir. Sözlə real həyatın nümayiş etdirdiyi  fərqli  mənzərəyə son qoymaq bu günün əsas tələblərindəndir.

Daha çox xəbərlər