Bakı-Qazax yolundakı qəza: Ölən və yaralılar var – YENİLƏNİB
Gəncə-Şəmkir yolunda ölümlə nəticələnən qəza hadisəsi baş verib.
ARANTV.AZ ARB TV-yə istinadla xəbər verir ki, Göygöl rayonu Quşqara kəndi ərazisində Şəmkirin Çinarlı kənd sakini, 34 yaşlı Elşən Nəbiyevin idarə etdiyi “VAZ 21011” və Gədəbəy rayonunun Rüstəm Əliyev kənd sakini, 24 yaşlı Günel Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ”ın sürücüsünün həyat yoldaşı, 31 yaşlı Ülviyyə Nəbiyeva hadisə yerində ölüb. Elşən Nəbiyev özü, eləcə də qardaşları Elçin və Elvin Nəbiyevlər müxtəlif xəsarətlərlə Gəncə ŞTTYX-ya çatdırılıblar. Azyaşlı Elçin daha sonra Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndərilib.
Məharət Kərimov – Həkim: “Avtoqəza nəticəsində şöbəyə xəstə gətirilmişdi. Nəbiyev Elçin uşaq olduğuna görə uşaq xəstəxanasına göndərilmişdi. Nəbiyev Elvin və Nəbiyev Elşən hal-hazırda travmatoloji şöbədədirlər. Ümumi vəziyyətlərini kafi və orta qiymətləndirmək olar. Bir nəfər qadın da meyit şəklində gətirilmişdir, o da morqa göndərilib”.
Fakt araşdırılır.
———-
10:38
Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.
Ağır yol qəzası baş verib, ölən və yaralananlar var
ARANTV.AZ bildirir ki, report-un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Gəncə şəhər Regional mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da axşam saatlarında magistralın Göygöl rayonunun Quşqara kənd ərazisindən keçən hissəsində, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1984-cu il təvəllüdlü Elşən Zakir oğlu Nəbiyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə, Gədəbəy rayonunun Miskinli kənd sakini, 1994-cu il təvəllüdlü, Günel Osman qızı Allahverdiyevanın idarə etdiyi “Mercedes-190” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-21011”-də olan sərnişin, sürücüsünün həyat yoldaşı, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alanlar, Çinarlı kənd sakini, Elşən Zakir oğlu Nəbiyev, 2006-cı il təvəllüdlü Elnurə Elnur qızı Nəbiyeva, 2008-ci il təvəllüdlü, Arifə Elşən qızı Nəbiyeva, onun bacısı 2008-ci iltəvəllüdlü, Ayşən Elşən qızı Nəbiyeva, onun qardaşı 2011-ci il təvəllüdlü Ağa Elşən oğlu Nəbiyev, 2007-ci il təvəllüdlü Vüsal Elnur oğlu Nəbiyev və Elçin adlı şəxslə “Mercedes” markalı avtomobilin sürücüsü, Günel Osman qızı Allahverdiyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

