Astrologiyada mühüm tranzitlərdən biri hesab olunan Kironun Buğa bürcünə keçidi son günlər astroloqların diqqət mərkəzindədir. “Yaralı şəfaçı” kimi tanınan Kiron insanın daxili yaraları, özünüdərk prosesi və sağalma mövzuları ilə əlaqələndirilir. Buğa bürcü isə maddi sabitlik, təhlükəsizlik hissi, özünə dəyər vermə və həyatın praktiki tərəflərini simvolizə edir.
Tanınmış jurnalist-astroloq Tünzalə Rafiqqızı bu dönəmdə qarşıdakı səkkiz il üçün qida təhlükəsizliyi ilə bağlı proqnozunu Musavat.com-la bölüşüb:
“20 iyun tarixindən etibarən Kiron Buğa bürcünə keçir, bu keçid qarşıdakı illərin ən mühüm astroloji hadisələrindən biridir. Çünki Buğa bürcü torpaq, kənd təsərrüfatı, ərzaq, maliyyə, istehsal, təbii sərvətlər və insanların təhlükəsizlik hissi ilə birbaşa əlaqəlidir. Kiron yaraları, problemləri, çatışmazlıqları və həll olunmalı mövzuları üzə çıxaran bir göstəricidir. Bu səbəbdən Kironun Buğa bürcünə keçməsi bizə göstərir ki, qarşıdakı illərdə torpaq, ərzaq istehsalı, iqtisadi təhlükəsizlik və qida təminatı ilə bağlı məsələlər yenidən gündəmə gələcək və dövlətlər bu sahələrdəki zəif nöqtələrlə üzləşəcəklər.
Azərbaycanın yaradılış xəritəsinə baxdıqdan sonra belə qənaətə gəlmək olur ki, qarşıdakı səkkiz il ərzində ölkəmiz üçün ən vacib mövzulardan biri məhz qida təhlükəsizliyi olacaq. Bu səbəbdən artıq qəbul edilmiş qida təhlükəsizliyi qanunları yalnız sənəd üzərində qalmamalı, real şəkildə tətbiq edilməlidir. Dövlət səviyyəsində strateji ehtiyatlar, kənd təsərrüfatı, su resursları və yerli istehsal məsələlərinə xüsusi diqqət ayrılmalıdır.
Mənim proqnozuma görə, qarşıdakı illərdə dünyada bəzi ərzaq məhsullarına çıxış ciddi şəkildə çətinləşə bilər. Elə bir vəziyyət yarana bilər ki, ölkələrin və insanların həmin məhsulları almaq üçün maliyyə imkanları olsa belə, bazarda həmin məhsullar tapılmasın. Bu risk xüsusilə buğda və digər strateji kənd təsərrüfatı məhsulları üçün aktual görünür”.

Astroloqa görə, bunun səbəblərindən biri davam edən geosiyasi münaqişələrdir:
“Xüsusilə, Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli təsirləri qlobal taxıl bazarına təzyiq göstərməkdə davam edə bilər. Belə şəraitdə dövlətlər ilk növbədə öz vətəndaşlarının ərzaq təminatını qorumağa çalışacaq, ixracı məhdudlaşdıracaq və daxili ehtiyatları ön plana çəkəcəklər. Qarşıdakı altı ay ərzində bu proseslərin ilk əlamətləri görünməyə başlayacaq. Fikrimcə, 2027-ci ildən etibarən təsirlər daha aydın hiss olunacaq, 2028-ci ildə isə qida təhlükəsizliyi mövzusu dünyanın bir çox ölkəsində əsas gündəm məsələlərindən birinə çevriləcək.
İqlim dəyişiklikləri də bu prosesdə mühüm rol oynayacaq. Dünyanın müxtəlif bölgələrində quraqlıqların, istilik dalğalarının və meşə yanğınlarının artması kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Bəzi bölgələrdə əkin sahələrinin yanması nəticəsində məhsuldarlıq azalacaq və gözlənilən məhsul əldə olunmayacaq. Azərbaycan da bu proseslərdən kənarda qalmayacaq. Xüsusilə su ehtiyatlarının idarə olunması, torpaqların qorunması və daxili istehsalın gücləndirilməsi gələcək illərdə strateji əhəmiyyət daşıyacaq”.
Tünzalə Rafiqqızı əlavə edib ki, qarşıdakı iki il ərzində vəhşi heyvanların əkin sahələrinə müdaxilələrinin artacağı gözləniləndir:
“Bu proses bəzi bölgələrdə məhsul itkisinə səbəb ola bilər. Hətta bu cür hadisələrin ilk nümunələri artıq bu yay mövsümündən etibarən müşahidə oluna bilər. Tarixə nəzər saldıqda da maraqlı paralellər görürük. Kiron son iki yüz il ərzində təxminən 1878–1884, 1929–1935, 1980–1987 və hazırda 2026–2033-cü illərdə Buğa bürcündə olub. Xüsusilə 1929–1935-ci illər diqqət çəkir. Həmin dövrdə dünyada Böyük Depressiya yaşandı. Milyonlarla insan işsiz qaldı, iqtisadi sistemlər sarsıldı və ərzaq təminatı ciddi problemlərlə üzləşdi.
Eyni zamanda Sovet İttifaqında kollektivləşdirmə siyasəti həyata keçirildi. İnsanların şəxsi torpaqları və təsərrüfatları dövlət nəzarətinə keçirildi. Kəndlilər öz torpaqlarını itirdilər, kolxoz və sovxoz sisteminə daxil edildilər. Nəticədə kənd təsərrüfatı sistemi tamamilə dəyişdi. Bu dövrdə SSRİ-nin müxtəlif bölgələrində, xüsusilə Ukrayna və Qazaxıstanda ağır aclıq hadisələri baş verdi və milyonlarla insan həyatını itirdi.
Bu tarixi proseslərə baxdıqda görürük ki, Kironun Buğa bürcündə olduğu dövrlərdə torpaq, mülkiyyət, ərzaq və iqtisadi təhlükəsizlik mövzuları ön plana çıxır. Mən hesab edirəm ki, 2026–2033-cü illər arasında da bənzər mövzular yenidən gündəmdə olacaq. Lakin bu dəfə hadisələr fərqli formada təzahür edə bilər.
Fikrimcə, qarşıdakı illərin əsas mövzuları ərzaq təhlükəsizliyi, strateji ehtiyatlar, kənd təsərrüfatı, su resursları, torpaq siyasəti və milli iqtisadi dayanıqlılıq olacaq. Bu səbəbdən həm dövlətlər, həm də vətəndaşlar gələcəyi düşünərək bu sahələrdə hazırlıqlı olmalıdırlar. Kironun Buğa bürcündəki yeni dövrü bizə bir mesaj verir: gələcəyin ən böyük sərvəti pul deyil, ərzaq istehsal etmək, torpağı qorumaq və insanların qida təhlükəsizliyini təmin etmək bacarığı olacaq”.
