Xaçmazda qədim el sənəti olan xalçaçılıq inkişaf etdirilərək gələcək nəsillərə ötürülür
ARANTV.AZ xəbər verir ki, son illər ölkədə xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və onun fəaliyyət sferasinin genişləndirilməsi bunu bir daha təsdiqləyir. “Azərxalça”nın bölgələrdə açılan filiallarından biri də Xaçmaz rayonunda fəaliyyət göstərir. Burada yüksək keyfiyyəti ilə seçilən xalçalar istehsal edilir.
Böyük zəhmət, dəqiqlik, yüksək zövq və səbr tələb edir xalçaçılıq sənəti. Həm də olduqca qədim tarixə malikdir. İndi də bu sənətə maraq göstərənlərin sayı az deyil. Onlardan 150-si “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında işləyir. Bu sənətlə fərdi şəkildə məşğul olan xalçaçılar hazırda fəaliyyətlərini burada davam etdirirlər.
Xaçmaz filialında əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verirlər. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Burada toxunan xalçaların üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunur. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir. Filaida işə təcrübəli xalçaçılarla yanaşı, gənclər də cəlb olunublar. Beləcə, qədim el sənəti həm də gələcək nəsilə ötürülür.
Bunun üçün toxunan xalçaların keyfiyyətinə, toxunuşuna xüsusi əhəmiyyət verilir. Xalçalar keyfiyyəti və növ müxtəlifliyi ilə seçilir.
Bütün bunlar isə xalçaçılıq sənətinin inkişafına dövlət dəstəyinin nümunəsidir. Hər bir xalçaçı öz işinə peşəkar yanaşaraq Azərbaycanın milli sərvəti olan xalçaçılıq sənətini yaşatmağa çalışır.

