Şanlı Qələbəmiz hər şeyi özü deyir
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının VII qurultayında 2003-2020-ci illərdə hərbi sahədə görülən işlərdən, əldə olunan uğurlardan, Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbəmizdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev «Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir» söyləyərək bildirmişdir ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Əlbəttə, müstəqilliyimizin, suverenliyimizin qorunması, daimi olması üçün güclü ordumuzun olması vacib amillərdən biridir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın ordu qurculuğuna xüsusi diqqət göstərməsi, hərbi büdcəsini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən daim reallığa uyğun olmayan şəkildə şərh edilirdi. Bu, Azərbaycanın sülh danışıqlarında maraqlı olmaması kimi dünya ictimaiyyətinə çatdırılırdı. Rəsmi Bakı buna cavab olaraq daim bildirirdi ki, müdafiə qabiliyyətimizi gücləndirmək Azərbaycanın suveren hüququdur. Ölkəmizin tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. 30 ilə yaxın dövrdə Ermənistanın və ona dəstək göstərənlərin imitasiya naminə danışıqları Azərbaycan xalqının səbir kasasını doldurdu. Rəşadətli Azərbaycan Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı. Dövlətimizin başçısı «Hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir» fikirlərinin davamı olaraq qeyd edir ki, eyni zamanda, təcrübədir. Bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Daha müasir ordunun yaradılmasına göstəriş verilib: «Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.»
Vətən müharibəsində Qələbəmizdən sonra təkcə cari ilin arxada qalan dövründə keçirilən təlimlərə, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasına diqqət yetirmək kifayətdir. Fevralın 1-dən 12-dək Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri keçirildi. Hərbi qulluqçularımız qardaş ölkədə “Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımıza böyük qürurla “xoş gəldiniz” deyirik. “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” kimi fəaliyyətlərimizə davam edəcəyik!» çağırışı ilə qarşılandılar. Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb edilmişdilər. Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanıldı.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə-Pakistan birliyinə də işıq saldı. Prezident İlham Əliyev bu günlərdə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu əminliyi ifadə etmişdir ki, səfəriniz hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq çox səmərəli olub və tərəfdaşlığımızı genişləndirmək arzusundayıq.
Müharibənin ilk günündən qardaş Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, qardaşlıq və dostluğun nümunəsi idi. Azərbaycan vətəndaşları Türkiyə və Pakistanla bağlı öz hisslərini nümayiş etdirərək müharibə zamanı küçə və meydanlarda Azərbaycanla bərabər hər iki dövlətin də bayraqlarını dalğalandırdılar.
Azərbaycan-Pakistan əlaqələrinin uzun tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir. Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir.
İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlığımızın böyük potensialı var. Hər iki dövlət birgə hərbi təlimlərin keçirilməsində maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyev artıq bunun vaxtının çatdığını bildirir.
Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi, iqtisadi, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələr verdiyi göz önündədir. Səylərimizi birləşdirərək mövqelərimizi gücləndirə və sülhə böyük töhfələr verə bilərik. Bu birlik regionda sülh və ədalətin tərəfdarıdır. 30 ilə yaxın dövrdə beynəlxalq hüququn işləmədiyini görərək ədaləti güc vasitəsilə bərpa etdik. Dünya bir daha beynəlxalq hüququn mövcudluğnu qəbul etməklə yanaşı, onun icrası üçü vahid mexanizmin yaradılması çağırışını da qəbul etmək məcburiyyətində qaldı. Azərbaycan, Türkiyə və Pakistan hərbi sahədə əməkdaşlığı genişləndirməklə dünyada sülhün bərqərar olunması işinə töhfə verəməyi əsas hədəf kimi qarşıya qoyublar.
Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Bu, dövlətimizin başçısı İlham Əliyevin prioritetləri açıqlayarkən qarşıya qoyduğu əsas hədəflərdəndir.
Məlum olduğu kimi, Azərbaycan Ordusu martın 15-18-dək 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq əməliyyat-taktiki təlimlərinə başlayıb. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan Vətən müharibəsində hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq etməklə dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə yol açdı.

