Gündəm 

QDİƏT PM-nin 53-cü Baş Assambleyası Bakıda keçiriləcək

ARANTV.AZ xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə sədrlik edən ölkəmiz qurumun 53-cü Baş Assambleyasının Bakıda keçirilməsinə hazırlaşır. Toplantıda əsas müzakirə mövzusunu Azərbaycan tərəfi təklif edəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyası bu il Bakıda keçiriləcək. Sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcəd də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir. Əsas müzakirə mövzusunu isə Azərbaycan tərəfi təklif edəcək. Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, çoxsaylı beynəlxalq qurumların təmsilçilərinin, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qruplarının iştirakı gözlənilir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın digər beynəlxalq qurumlarda olduğu kimi, adı çəkilən təşkilatda da rolu yüksəkdir. Bunu ölkəmizin ev sahibliyi ilə keçirilən toplantılarda çoxsaylı nümayəndə heyətlərinin iştirakı da təsdiqləyir. Digər tərəfdən Azərbaycanın uğurla reallaşdırdığı və dünya ticarətini canlandıran iri neft-qaz, nəqliyyat layihələri iqtisadi inkişafla yanaşı, regionda sülhə, təhlükəsizliyə xidmət edir ki, bu da ölkəmizin həm regionda, həm də dövlətlərin siyasi, iqtisadi əməkdaşlıq platformasına çevrilən təşkilatlardakı nüfuzunu artırır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası iqtisadi təşkilat olmasına baxmayaraq, burada siyasi məsələlər də hər zaman aktualdır. Azərbaycan nümayəndə heyəti isə bütün toplantılarda torpaqlarımızın severenliyinin və ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini qaldırır. Elə Parlament Məclisinin Baş Assambleyasının son sessiyalarından birində ilk dəfə qəbul olunan bəyannamədə də quruma üzv ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin toxulmazlığının tanınmasına dair bənd öz əksini tapıb.

Daha çox xəbərlər