Siyasət 

Zəfər tonqalımız qalibiyyətimizin əbədiliyini təsdiqlədi

Dövlətimizin başçısı İlham Əliyev Şuşada  Cıdır düzündən  Azərbaycan xalqına müraciətində bir daha bildirdi ki, Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz  

 

44 günlük İkinci Qarabağ müharibəsi zamanı  Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah” sualına cavabında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir: “Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.”

Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycanın gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu, ən əsası beynəlxalq hüququn mövcudluğunu və onun icrası üçün vahid mexanizmin olmasının vacibliyini dünyaya çatdırdı. Dünya, eyni zamanda, gördü ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün milli qürur məsələsidir.

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız tarixi sahibinə qovuşdu.  Göründüyü kimi, heç bir iş yarımçıq qalmadı. Dövlətimizin başçısı İlham Əliyev Şuşada Cıdır düzündən  Azərbaycan xalqına Novruz bayramı münasibətilə  müraciətində də bu reallığı diqqətə çatdırmışdır ki, son illər ərzində  həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil: “Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı – bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.”

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd edir. İşğaldan azad edilmiş torpaqlarımızda alovlanan  bayram tonqallarının rəmzı və tarixi əhəmiyyəti vardır.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa, sən artıq azadsan.

Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub.  Şuşa “Şərqin konservatoriyası” adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Təsadüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı  beynəlxalq ekspertlər tərəfindən öyrənilir,  hərbi məktəblərin dərsliklərinə salınmasına ehtiyacın olduğu bildirilir.  Şuşanı qan tökərək azad etdik.  Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi. Yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər.  Düşmən Azərbaycanın  gücünü,  iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə olan hadisədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa əsas  hədəf idi və  Azərbaycan əsgəri  bu hədəfə doğru gedirdi. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsində  300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur olub diz çökdü və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

Ümumiyyətlə, Vətən  müharibəsi Azərbaycanın müharibə taktikasının dünyaya nümayişi oldu. Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Cənab İlham Əliyev  hər zaman bəyan edirdi ki, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaq. Belə də oldu, 44 günlük müharibənin hər bir günü Zəfər günü kimi tarixə yazıldı. Xalqımız hər gün dövlətimizin başçısından Qələbə xəbərlərini gözləyirdi. Təbii ki, bu inam ordumuzun gücündən, qüdrətindən, döyüş ruhundan irəli gəlirdi.  Müharibələrdə hücumlar, geriyə çəkilmələr, manevrlər olduğu halda, Azərbaycan Ordusu Vətən müharibəsində dünyaya demək olar ki, indiyədək hərb tarixində müşahidə edilməyən bir mənzərəni-hər gün irəli getmək, yeni-yeni ərazilər azad etmək kimi nadir nümunəni təqdim etdi. Ermənistan hakimiyyətinin illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifi tamamilə dağıldı. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu təsdiqlədi.  Qələbəmizi  şəhidlərimizin canı, qanı bahasına,  hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Bu gün hər bir Azərbaycan vətəndaşı onların qarşısında baş əyir.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev  28 ildən artıq işğal altında olan Qarabağın tacı Şuşamızda bu gün yeni həyatın başlandığını böyük qürur hissi ilə qeyd edir.  Şuşa 28 il yolumuzu gözləyirdi və gəldik. Təbii ki, torpaqlarımızı azad etmək üçün güc toplamalı idik və topladıq. Azərbaycan iqtisadi gücünü artırmaqla bütün sahələrdə uğurlara imza atdı. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas yaratdı. Azərbaycanın istər iki, istərsə də çoxtərəfli çərçivələrdə əlaqələri yüksələn xətlə inkişaf etdi. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı.  İqtisadi imkanların artması ordu quruculuğu sahəsində davamlı addımları təmin etdi.  Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olmasını önə çəkən dövlətimiz Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycan real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində erməni yalanlarını ifşa etdi, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı.

Son illər Ermənistan rəhbərliyinin sərsəm bəyanatları danışıqlar prosesində maraqlı olmadığını, hər vəchlə yayındığını orta qoydu. İşğalçı dövlət açıq-aşkar yeni ərazilər uğrunda müharibə planını nümayiş etdirdi. Artıq xalqımızın səbir kasası dolmuşdu.  2020-ci ildə ermənilər üç dəfə hərbi təxribat törətdilər. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını uğurlu əks-hücum əməliyyatları ilə alan Azərbaycan Ordusu 44 gündə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı. Bir addım da belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində  erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı.

Dövlətimizin başçısı İlham Əliyev  Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən, həmcinin gənclərdə torpaq, Vətən sevgisinin böyüklüyünü xüsusi önə çəkir: “Elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.”

Son   17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin və birinci xanım  Mehriban Əliyevanın  müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlərinin xalqımızda yaratdığı qürur hissi ölçüyəgəlməzdir. Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyeva daim bu arzunu, istəyi ifadə edirdi ki, Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Artıq bu istək gerçəkləşir. Qarşıdakı illərdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr-quruculuq dövrü başlayır. Soydaşlarımız tezliklə Böyük Qayıdışın şahidi olacaqlar.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə, eyni zamanda,  ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını  doğrultmasından,  ən əsası Daşlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını da  ifadə etmişdir.  Cənab İlham Əliyev Cıdır düzündən xalqa müraciət edərkən bu fikirlərin davamı olaraq bildirmişdir: “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Daha çox xəbərlər