Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı – bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox
Dövlətimizin başçısı İlham Əliyev Şuşada Cıdır düzündən Azərbaycan xalqına müraciətində bir daha bildirdi ki, Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz
«Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı – bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.» Dövlətimizin başçısı İlham Əliyev Şuşada Cıdır düzündən Azərbaycan xalqına müraciətində bir daha 44 günlük İkinci Qarabağ müharibəsində qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək bildirmişdir ki, gücləndik, bütün istiqamətlərdə uğurlar qazandıq, birliyimiz, həmrəyliyimiz sayəsində tarixə Zəfər Gününü yazdıq.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah” sualına cavabında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir: “Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.”
Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycanın gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu, ən əsası beynəlxalq hüququn mövcudluğunu və onun icrası üçün vahid mexanizmin olmasının vacibliyini dünyaya çatdırdı. Dünya eyni zamanda, gördü ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün milli qürur məsələsidir. Torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qalsa da, ermənilərin bu ərazilərimizdə daşı daş üstə qoymamaları, əksinə, hər şeyi yerlə-yeksan etmələri, vandalizm aktları törətmələri açıq-aşkar bu buraların sahibinin onlar deyil, Azərbaycan olduğunu təsdiqləyirdi. Bu ərazilərə səfər edən diplomatlar, siyasi partiyaların, KİV-lərin nümayəndələri gördükləri mənzərələrdən dəhşətə gəldiklərini gizlədə bilmirlər. Belə vəhşiliklərin tarixdə görünmədiyini qeyd edir, dünyanın bugünədək susmasından təəssüf hissi keçirirlər. Bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” adlandırılması Ermənistanın vandalizmini, Azərbaycanın tarixi, mədəni və dini irsinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasətini açıq şəkildə nümayiş etdirir. Bu vəhşiliklərin qarşısında Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddia irəli sürür. Belə ərköyünlüyə səbəb yenə də işğalçının başına çəkilən sığaldır. Torpaqlarımızda bütün tarixi və dini abidələrimiz dağıdılır, tarixi silməyə cəhdlər olunur, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə İslam dininə hörmətsizlik edilir, dünya susur, amma bu gün Ermənistanın işğal dövründə tikilən ibadətgahın «yoxaçıxması»na görə Azərbaycanı «mədəniyyət cinayətləri»ndə ittiham etməsi xoş qarşılanır.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqi oldu. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd etdi. İşğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzi və tarixi əhəmiyyəti vardır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Şuşa, sən artıq azadsan!»
Şuşa əsrlərboyu qədim Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın incisi olub. Şuşa “Şərqin konservatoriyası” adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Təsadüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir, hərbi məktəblərin dərsliklərinə salınmasına ehtiyacın olduğu bildirilir. Şuşanı qan tökərək azad etdik. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi. Yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Düşmən Azərbaycanın gücünü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yeri olan hadisədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa əsas hədəf idi və Azərbaycan əsgəri bu hədəfə doğru gedirdi. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsində 300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur olub diz çökdü və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 28 ildən artıq işğal altında olan Qarabağın tacı Şuşamızdan bu gün yeni həyatın başlandığını böyük qürur hissi ilə qeyd etdi. Şuşa 28 il yolumuzu gözləyirdi və gəldik. Təbii ki, torpaqlarımızı azad etmək üçün güc toplamalı idik və topladıq. Azərbaycan iqtisadi gücünü artırmaqla bütün sahələrdə uğurlara imza atdı. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas yaratdı. Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivələrdə əlaqələri yüksələn xətlə inkişaf etdi. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. İqtisadi imkanların artması ordu quruculuğu sahəsində davamlı addımları təmin etdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olmasını önə çəkən dövlətimiz Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycan real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində erməni yalanlarını ifşa etdi, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı.
Dövlətimizin başçısı İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən, həmçinin gənclərdə torpaq, Vətən sevgisinin böyüklüyünü xüsusi önə çəkir: “Elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.”
Son 17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlərinin xalqımızda yaratdığı qürur hissi ölçüyəgəlməzdir. Qarşıdakı illərdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr-quruculuq dövrü başlayır. Soydaşlarımız tezliklə Böyük Qayıdışın şahidi olacaqlar.

