Siyasət 

Müharibə başa çatdı, münaqişə tarixdə qaldı

Dövlətimizin başçısı İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi növbəti dəfə bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini aydın göstərdi.

Keçirilən hər bir beynəlxalq səviyyəli tədbir, Zirvə görüşləri əhatə etdiyi mövzu ilə yanaşı, əlaqələrin inkişafına hansı yenilikləri gətirəcəyi ilə bağlı da xüsusi əhəmiyyət kəsb edir. Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü də bu baxımdan diqqətçəkəndir. Dövlətimizin başçısı İlham Əliyevin toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi növbəti dəfə ölkə Prezidentinin bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini aydın göstərir.

Cənab İlham Əliyev 30 ilə yaxın dövrdə işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin münaqişənin həllində irəliləyişə nail olmaq üçün heç bir addım atmadığını xüsusi qeyd edərək bu fikri böyük qürurla qeyd etdi ki, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoyuldu, ədalət bərpa edildi. Ötən bu dövrdə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələri uğurla icra edildi. Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı: «Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.»

Azərbaycanın şanlı Qələbəsini şərtləndirən amillərdən bəhs olunarkən daim bu reallıq önə çəkilir ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq mühüm rol oynayır. Azərbaycan bu müddət ərzində gücləndi, bütün sahələrdə davamlı uğurları ilə diqqətdə oldu, digər tərəfdən münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza yarandı. «Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər» söyləyən cənab İlham Əliyev onu da qeyd etmişdir ki, ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu sənədlər 1993-cü ildə qəbul edilmiş və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların da qərar və qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi. Bunların çox böyük siyasi və hüquqi mənası var idi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir: «Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.»

Ermənistan daim danışıqlar prosesindən müxtəlif bəhanələrlə yayınıb. Son illərdə işğalçı dövlətin baş naziri Nikol Paşinyanın addımlarına, sərsəm bəyanatlarına diqqət yetirmək kifayətdir. Baş nazir seçildiyi ilk gündən danışıqların formatının dəyişdirilməsi, qondarma rejimin də tərəf kimi bu prosesə cəlb edilməsinin vacibliyini bildirdi. Azərbaycan dövlətinin sərt münasibəti zaman-zaman bu iddanın geri çəkilmsəsinə səbəb olsa da N.Paşinyan növbəti sərsəm bəyanat-«Qarabağ Ermənistandır və nöqtə» səsləndirməklə açıq-aşkar münaqişənin diplomatik yolla həllində maraqlı olmadığını, ən əsası torpaqlarımızı qaytarmaq istəmədiyini nümayiş etdirdi. Təbii ki, belə qeyri-ciddi bəyanatların yer almasına səbəb işğalçı dövlətin başına çəkilən sığallar idi. Azərbaycan tərəfi yenə də münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu atdığı addımları ilə təsdiqlədi. Amma bu məqamı da xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısı İlham Əliyev daim beynəlxalq təşkilatların tribunasından bəyan edirdi ki, biz imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyilik. Danışıqların nəticəsiz qalması xalqın haqlı narazılığına səbəb olur. Dövlətimizin başçısı İlham Əliyev Türk Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə 44 günlük İkinci Qarabağ müharibəsinin başvermə səbəblərini, qısa dövrdə Azərbaycan Ordusunun, xalqının birilyi, həmrəyliyi sayəsində hansı uğurlar imza atıldığını, ən əsası ermənilərin illərdir yaratdıqları «yenilməz erməni ordusu» mifinin darmadağın edildiyini, 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə işğalçı dövlətin diz çökdürulərək kapitulyasiya aktına imza atmasını əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı.

44 günlük Vətən müharibəsinin hər günündə Azərbaycan xalqına müraciətləri zamanı düşmənə yumruq göstərdiyini xüsusi vurğulayan cənab İlham Əliyev bildirirdi ki, bu yumruq adi yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib. Təbii ki, həmişə belə olacaq. Bu birliyimiz əbədi olacaq. Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. «Mən bütün bu illər ərzində – 17 ildə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir: “Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam» söyləyən cənab İlham Əliyevin Vətən müharibəsi zamanı 30-a yaxın xarici mətbuata müsahibələrinin hər birində dövlət maraqlarının hər şeydən üstün tutulduğu, xalqın iradəsinə əsaslanan siyasətin həyata keçirildiyi, ən ümdəsi Azərbaycanı bugünkü inkişafa, tərəqqiyə gətirib çıxaran, imzaların arasında imzalarını tanıdan, dünyada müstəqil dövlət kimi varlığını təsdiqləyən Heydər Əliyev siyasətinə sadiqlik xüsusi qeyd edilirdi. Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində “Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz” sualına cavabını xatırlatmaq istərdik: “Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir… Tarixdə rol məsələsinə gəldikdə isə bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Azərbaycan son illərdə uğurlu inkişaf yolu keçib. İldən-ilə üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. 2003-cü ildə Prezident seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Dövlətimizin başçısı İlham Əliyev son 17 ildə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, Azərbaycan iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi tanınıb, insanların sosial rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu fikir böyük inamla qeyd edilir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Azərbaycan son 17 ildə yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq formatları formalaşıb, düyanın yeni xarici siyasəti ölkəmizdə müzakirə olunur.

Cənab İlham Əliyev son 17 ildə uğurlu addımları ilə Azərbaycanı yüksək zirvələrə qaldırdı, ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan sabitləşdirici və birləşdirici faktor kimi mövqeyini dünyanın COVID-19-la mübarizə apardığı bir dövrdə bir daha nümayiş etdirdi. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi də ölkəmizin artan nüfuzunun, sözünün imzası qədər əhəmiyyətinin olduğunun göstəricisidir.

Azərbaycana Qələbə sevincini yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrətidir. 44 günün hər günü tarixi Qələbəmizdir. 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun malik olduğu imkanları bir daha dünyaya nümayiş etdirdi. Qeyd etdiyimiz kimi, Ordumuzun 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı- Zəfər tarixini. Cənab İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycanın bayramları sırasına daha bir möhtəşəm, unudulmaz tarix əlavə olundu. Bu tarixi xalqımız 30 ilə yaxın idi ki, səbirsizliklə gözləyirdi. Dekabrın 10-da Vətən müharibəsində Qələbəmiz münasibətilə Zəfər paradı keçirildi. Bu parad müstəqillik tariximizin şanlı Qələbə paradı oldu.

Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündə bir daha Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi güclü mənəvi və siyasi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür etdi. Bildirdi ki, Azərbaycanın tək olmadığını, Türkiyənin hər an Azərbaycanın yanında olduğunu bəyan edən Rəcəb Tayyib Ərdoğan bu fikirləri ilə ölkəmizə böyük mənəvi güc verdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda apardığı müharibəyə böyük dəstək oldu, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirdi. Türkiyə rəsmilərinin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş bölgələrində qazanılmış tarixi zəfərləri, ümumiyyətlə, türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi dövlət başçımızın gərgin və yorulmaz mübarizəsinə verilmiş obyektiv qiymətin ifadəsidir. Məhz bu birliyə, həmrəyliyə söykənərək Azərbaycan-Türkiyə münasibətləri dünyaya örnək göstərilir. Türk Şurasının videokonfrans şəklində keçirilən qeyri-formal Zirvə görüşündə «Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm: «Arzum odur ki, ən qısa zamanda – Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq.»

Daha çox xəbərlər