Siyasət 

Politoloq: Bu səfər Azərbaycan və BMT arasında olan əlaqələrin müsbət istiqamətdə inkişafına xidmət edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib. Qeyd edək ki, V.Bozkır  Azərbaycana BMT Baş Assambleyasının sədri olaraq ilk səfərini edir.

“Xatırlayıram ki, Volkan Bozkırın namizədliyi ilə bağlı səsvermə olanda Yunanıstan, Kipr, Ermənistan etiraz səsini ucaltmışdılar. Bu da həmin dövrdə çox böyük qalmaqala səbəb olmuşdur. Bu proseslər Vətən müharibəsindən öncə baş verən hadisələr idi. Bütün maneələrə baxmayaraq, Volkan Bozkırın namizədliyi qəbul olundu. cənab Volkan Bozkır dəfələrlə Azərbaycanda olub. Və bir türk  vətəndaşının, türkiyəli qardaşımızın bu cür vəzifəyə təyinatı da önəmli xarakter daşıyır. Hazırda isə həmin Volkan Bozkır vəzifəsinin icrası ilə bağlı qardaş Azərbaycana səfər edib. Bu səfər , eyni zamanda, Azərbaycan və BMT arasında olan əlaqələrin də müsbət istiqamətdə inkişafına xidmət edir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki,  BMT qurumları ilə ənənəvi  əlaqələrimiz olubdur və bu əlaqələr indi də davam edir: “Müharibədən sonrakı dövr ərzində təmaslar daha da aktivləşib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın  Azərbaycana səfəri əlamətdar bir səfərdir.  Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Volkan Bozkırı qəbul edərkən bir sıra  önəmli məsələlərə toxunub: “İlk olaraq qeyd olunmalıdır ki, Azərbaycan bütün dünyada  böyük problemə çevrilmiş  COVID-19  pandemiyasına qarşı bir sıra qlobal səviyyəli tədbirlər həyata keçirmişdir.Ötən ilin aprel-may aylarında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü eləcə də Qoşulmama Hərəkatının Zirvə Görüşləri keçirilib. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyev BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı təşəbbüslə çıxış edib və Qoşulmama Hərəkatının üzvləri yekdilliklə dövlət başçımızın təşəbbüsünü  dəstəkləyiblər və təkcə Ermənistan həmin  təşəbbüsə qarşı çıxış etmişdir.”

İ.Hüseynov bildirib ki, ötən ilin dekabr ayının əvvəlində BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi:“Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin fevralında Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı bütün dünyada vaksinasiya prosesində ədalətsizliyi və qeyri-bərabər bölüşdürülməsini vurğuladı: “Bəzi aztəminatlı, yoxsulluq vəziyyətində olan dövlətlərvaksin əldə etməkdə çətinlik çəkirlər. Bunun müqabilində imkanlı, gəlir səviyyəsi yüksək olan dövlətlər əhalinin sayından dəfələrlə çox vaksinlər əldə edirlər. Bu isə dünyada qeyri-bərabərliyə səbəb olur. Qeyd olunan məsələ ilə bağlı BMT-nin İnsan Haqları Şurasında Azərbaycanın təşəbbüsü ilə Xüsusi Qətnamə qəbul olundu. Həmin sənəd vaksinlərin bərabər bölüşdürülməsini əks etdirir. Bu Azərbaycanın bütün dünyada təhlükəsizliyin və sağlamlığın  qorunması istiqamətində verdiyi töhfədir. Bu xüsusi vurğulanmalıdır. COVID-19 mübarizə  dönəmində Azərbaycan 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik.”

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan  BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx əlaqədədir: “Azərbaycanın Vətən müharibəsindən sonra torpaqlarını işğaldan azad etməsi ilə bağlı UNESCO ilə təmaslardır. İşğal dövründə Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb ki, həmin ərazilərdə Azərbaycana aid olan tarixi abidələr dağıdılır, dəyişdirilir və bu istiqamətdə faktları araşdırmaq üçün Xüsusi Missiyanın əraziyə, bölgəyə səfəri olmalıdır. Əfsuslar olsun ki, tarixi, dini mədəni abilərimizin dağılması ilə bağlı həmin səfər baş tutmadı. Hazırki dövrdə UNESCO erməni vəhşiliyini, vandallığını görmək və bununla əlaqədar  müvafiq tədbirlər həyata keçirmək üçün regiona  səfər etməlidir və bu məsələ həm də BMT-nin  ixtisaslaşmış qurumuna aid olduğu üçün  elm, təhsil, mədəniyyət kimi sahələr UNESCO-nun birbaşa tabeliyində olduğu üçün UNESCO-nun həmin məsələni araşdırması üçün  regiona səfəri planlaşdırılır. Bu da çox önəmli nüansdır.”

Daha çox xəbərlər