Cəmiyyət 

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb

ARANTV.AZ xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il 25 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanıb, 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2018-ci il ərzində görülən işlərlə bağlı KİV və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə Baş İdarədə keçirilən mətbuat konfransında bu barədə məlumat verilib.

2018-ci ildə prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib. Əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən ediblər. Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8 mindən çox müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb. Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev vurğuladı ki, idarə korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılan “161-Qaynar xətt” əlaqə mərkəzinə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Baş İdarənin əməliyyat qurumları keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında isə 24 cinayət işi başlanıb, 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilən cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin olunub. Bununla yanaşı, törədilən və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib. Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilib. Hesabat dövründə Baş İdarə tərəfindən ölkə başçısı tərəfindən imzalanan “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönələn qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ciddi mübarizə tədbirləri davam etdirilib.

Ötən ildə Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli və işgüzar əməkdaşlıq ələqələri qurulub.

2018-ci ildə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Mətbuat konfransında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirdi ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilib. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılıb, sahibkarlıq və investisiya mühiti daha da yaxşılaşdırılıb və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan “Doing Business”in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə layiq görülüb. Qeyri-hökumət təşkilatlarının nümayəndələri- Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev və başqaları çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2018-ci il ərzində gördüyü işləri müsbət dəyərləndirdi. Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırıldı.

Daha çox xəbərlər