Azərbaycan əsgəri bundan da möhkəm sədləri dağıdardı!
Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə başladı.
Azərbaycan Ordusunun hissələri 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin iri miqyaslı təxribatlarının qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı – Vətən müharibəsi başladı. Azərbaycan Ordusu düşmənin müdafiə xəttini darmadağın etdi, döyüşə-döyüşə qələbələr qazanmağa başladı. Qazanılan hər Qələbə Vətən müharibəsində Böyük Qələbənin tərkib hissəsi kimi dəyərləndirilirdi. Bu qələbələr döyüşçülərin döyüş əmini, qələbə ruhunu kükrədirdi. Döyüşlərdən on-on beş gün əvvəl ön xətdə, səngərdə mayor Ruslan Novruzov demişdi: “Əsgərlərimiz döyüş növbətçiliyindən döyüşə getməyi arzulayır. Ali Baş Komandanın əmri ilə hər biri döyüşmək, torpaqlarımızı döyüşə-döyüşə azad etmək niyyətindədir. Hər biri qalib əsgər kimi tərxis olunmaq istəyir”. “Müqəddəs niyyətdir”, – demişdim. “Bu niyyətlə xidmət edənlərin qələbə qazanacağına yerə-göyə inandığım qədər inanıram. Mənim timsalımda jurnalistlər, jurnalistlərin timsalında ictimaiyyət inanır”.
Vətən müharibəsi başlayanda ilk günlərdə, ilk döyüşlərdə nisbətən müqavimət göstərə bilən düşmən döyüş-döyüş geri çəkilirdi. Azərbaycanın ordu hissələri düşmənin müdafiə səddini, komanda məntəqələrini dağıtdı, hərbi resurslarını, canlı qüvvələrini məhv etdi. Döyüşməyə gücü, taqəti qalmayan, Azərbaycan Ordusunun gücü, qüvvəti, qüdrəti qarşısında dayana bilməyən məğlub ordunun şəxsi heyəti döyüş texnikalarını, silahlarını, olan-qalan hərbi resurslarını atıb qaçırdı…
Dünya ictimaiyyəti gördü ki, Azərbaycan Ordusunun qüdrəti ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, BMT Təhlükəsizlik Şurasının beynəlxalq nüfuzundan çox güclüdür. Bu təşkilatlar da, havadarlarına ümid bağlayan, onların hərtərəfli köməyindən bəhrələnən düşmən də Azərbaycanın min illik dövlətçilik tarixinin xatırlatmasını unutmamalıydı: “Gec edər, güc edər”. Bu təşkilatların düyünə salmaq istədiyi problemi Azərbaycan Ordusu həll etdi, dövlətçiliyin, gücün, qüdrətin təntənəsi həll etdi.
Zəfər ovqatı böyük coşqu ilə, ruhun bayramı kimi yaşanıldı. Dekabr ayının 10-da Azadlıq Meydanında keçirilən hərbi paradda qalib ordunun əsgər və zabitlərinin nizami yerişinə ürəyinin gözüylə baxanlar əmin oldu ki, belə bir ordunun qarşısında duruş gətirmək mümkün deyil, heç bir düşmən qüvvəsi daha Azərbaycanla müharibə aparmağa cəhd etməyəcək! Bu paradda göz dağı kimi düşmənin əsgər və zabitlərinin atıb getdiyi döyüş texnikaları, artilleriya qurğuları, maşınları da göstərildi…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılması haqqında Sərəncam imzaladı…
Bakıda Hərbi Qənimətlər Parkı açıldı.
Hərbi Qənmətlər Parkı Vətən müharibəsində Azərbaycan əsgərinin qətiyyətinin, döyüş hazırlığının, vətənsevərliyinin, döyüş əzminin, qələbə ruhunun sənədidir. Bu sənəd dünyəvi mahiyyətli sənəddir. Bu sənəd Azərbaycan Ordusunun qalibiyyətinin, Ermənistan ordusunun rəzilliyinin etirafı sənədidir. Bu sənədin xarakteri Vətən müharibəsində döyüşlərin xronikasının bir çalarını ümumiləşdirməkdir. Hərbi Qənimətlər Parkına gələnlər eksponat olaraq ermənilərin qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyatları, digər sursatları görəcək, bu eksponatları işğalın aqibətinin tarixə proyeksiyası biləcək.
Hərbi Qənimətlər Parkı bura gələnlərə 44 gün davam edən Vətən müharibəsinin tarixi haqqında, Azərbaycan həqiqətləri haqqında bilgilər aşılayacaq, ölkəmizdə yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularının, dünyaduyumunun formalaşmasında əhəmiyyətli olacaq.
Hərbi Qənimətlər Parkı mahiyyəti etibarilə bəşəriliyin parkıdır.
Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilən torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış böyük ölçülü lövhəyə də maraqla baxılmışdı. Bu eksponat təkcə müharibənin tarixini deyil, həm də Azərbaycan əsgərinə ehtiramı yaşadacaq. Bu lövhədə əzəmətli bir şüar görünür: “Qarabağ Azərbaycandır!”. Bu şüar Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikrin şüarı kimi yaşadılıb. Bu şüar Vətən müharibəsində də azərbaycançılığın şüarı oldu. Bu şüar döyüşçülərin Vətən sevgisini də əhatələdi, döyüşləri də, qələbəni də. Bu şüar tarixi şüar kimi, tarixin şüarı kimi yaşanıldı, yaşadıldı. Bu şüarın işığında döyüşənlər də tarixi Zəfər qazandı…
Hərbi Qənimətlər Parkının eksponatları təkcə düşmənin itirdiyi texnikalar deyil. Bura gələcək qonaqlar da, Azərbaycan vətəndaşları da, erməniliyin mahiyyətini daha əhatəli bilmək istəyənlər də burda 30 il müddətində Azərbaycan Ordusunun hücumlarına qarşı düzəldilmiş mühəndis qurğularının, müdafiə mövqelərinin necəliyini də görəcəklər. Bu mövqe 10 elementdən ibarət mühəndis-maneələr sistemidir. Düşmən 30 il müddətində güclü müdafiə səddi yaradıbmış. Ölkə başçımız sonra dedi ki, Hərbi Qənimətlər Parkına gələnlər görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi.
Düşmən əsgər və zabitlərinin dəbilqələri. Baxırsan, yadına Səməd Vurğunun “Dünən dövran sürən bu gün can verir” misrası düşür; zaman anlamında dünən (1988-ci ildən 2020-ci ilin noyabrına kimi) havadarlarının ümid, vəd qalxanı arxasında daldalanan dövlətin əsgərlərinin əsgəri şərəf kimi itirdiyi dəbilqələr. Dəbilqə döyüşçünün papağıdır, papaq qeyrət rəmzidir. Ermənistanın döyüşçüləri olan-qalan qeyrətini də Vətən müharibəsində itirdi. Hərbi Qənimətlər Parkında bu stend düşmənin həm də nəyi itirdiyini yaşadır…
Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı apardığı ədalətli müharibə idi. Bu müharibə bəşəriliyin anti-bəşəriliyə qarşı müharibəsiydi. Bu müharibədə dünyanı bürüməyə meyilli olan bir təxribat sistemi də məhv edildi. Hərbi Qənimətlər Parkı həm də bəşəriliyə qənim kəsilənlərə Görk parkıdır: İnsanlığa, bəşəriliyə xor baxanların sonu budur – dünyəvi nifrət, dünyəvi lənət!
“Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heş vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Ölkə başçısının bu fikirləri müaharibələr tarixinin mahiyyəti mahiyyətlərə, xarakteri xarakterlərə bəmzəməyən bir müharibə haqqında sərkərdə kəlamıdır. Hərbi Qənimətlər Parkına gələnlər eksponatlara bu kəlamın işığında baxacaqlar…
Rəşid Faxralı

