Sosial 

Unudulmaz Lider

Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndər həyatının hər bir anını Azərbaycanın, doğma xalqının inkişafına, çiçəklənməsinə sərf etmişdir. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideyası – siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı, ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə, vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısının son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Müasir Azərbaycan tarixinin bütöv bir dövrü, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, respublikanın gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşayan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

10 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində Azərbaycan Ordusu erməni işğalçıları tərəfindən zəbt olunan torpaqlarımızı azad etdi və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsində qazanılan Qələbənin təməlini məhz ulu öndər Heydər Əliyev qoymuşdur. O, sağlam təməllər üzərində qurduğu Azərbaycan Respublikasını 21-ci əsrin dahi sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyəvə əmanət etmişdir.

Coşqun Hidayətov,
YAP Gənclər Birliyinin üzvü

Daha çox xəbərlər