Ümummilli Liderimiz gənclərə böyük ümid bəsləyirdi
Gənclər hər bir ölkənin gələcəyinin təminatçısı olmaqla əhalinin ən vacib və dinamik təbəqəsidir. Bu səbəblə də gənc nəslin inkişafı vətəndaş cəmiyyətindəki ən mühüm məsələlərdən biri hesab olunur. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə gənclərimizin bir şəxsiyyət, əsl Azərbaycan vətəndaşı kimi formalaşması təmin edilmişdir.
Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin tələblərinə cavab verən qanunvericilik bazasının formalaşdırılmasını təmin etmiş və gənclərimizin sosial, iqtisadi və s. kimi problemlərinin həllinə yönəldilən, onların özlərini inkişafına töhfə verən dövlət proqramlarının əsasını qoymuşdur. Dövlət tərəfindən aparılan gənclər siyasəti gənclərimizin vətənpərvər ruhda yetişmələrinə, onların sosial, iqtisadi problemlərinin həllinə və faydalı məşğulluqla təmin olunmalarına son dərəcə müsbət təsir göstərmişdir.
Ulu Öndər həmişə gənclərimizə böyük ümidlər bəsləmiş və Azərbaycanın gələcəyinin gənclərin əlində olmasını dəfələrlə vurğulamışdır. 90-cı illərin əvvəllərində Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yeni müstəviyə çıxmışdır. Gənclərin mənəvi inkişafı, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrin qabaqcıl təhsil müəssisələrində təhsil almaları, cəmiyyət həyatında aktiv iştiraklarının təmin olunması üçün həyata keçirilən tədbirlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan nəticəsində gənclər dövlətin qayğısını daim hiss etmişlər.
Təsadüfi deyil ki, II Qarabağ müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə nəticələnməsində dövlətin məqsədyönlü gənclər siyasətinin rolu böyükdür. Vətənpərvər gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər etmiş və 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad etmişlər.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi ölkəmizi daha işıqlı sabahlara aparacaq.
Ülkər Qəhrəmanova,
YAP Gənclər Birliyini üzvü

