Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması prinsipi dayanır ŞƏRH
Əlisahib Hüseynov: Regionlarda yaradılan aqroparkların, sənaye məhəllələrinin fəaliyyəti də məhz bu prinsipin həyata keçməsinə xidmət edir
“Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində bir sıra mühüm infrastruktur obyektlərinin, sənaye müəssisələrinin açılışında iştirak etməsi bir daha onu göstərdi ki, dövlətimizin başçısı paytaxtla yanaşı bölgələrimizin də inkişafını daim diqqət mərkəzində saxlayır və bu, əsas prioritetlərdən biridir. Bunu Prezidentin son 18 illik fəaliyyəti də təsdiqləyir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov söyləyib.
Dövlət başçısının yürütdüyü siyasətin mərkəzində vətəndaşlarımızın rifahının yaxşılaşdırılması prinsipi dayanır
Partiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin təşəbüsü ilə hələ 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olunub. 5 illik müddəti əhatə edən bu proqramların icrası nəticəsində mühüm nailiyyətlər əldə edilib, regionların siması dəyişib: “Sözügedən 5 illik proqramlar bölgələrimizin həm abadlaşmasına stimul verib, həm də yeni inkişaf imkanlarının əldə edilməsinə şərait yaradıb. Bütün bunlar da eyni zamanda regionlarda məşğulluğun artırılmasına, yeni iş yerlərinin açılmasına böyük töhfə verib. Bölgələrdə yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi günümüz üçün olduqca aktual məsələdir. Prezident bu məsələni daim diqqət mərkəzində saxlayır. Çünki dövlət başçımızın yürütdüyü siyasətin mərkəzində vətəndaşlarımızın rifahının yaxşılaşdırılması prinsipi dayanır. Regionlarda yaradılan aqroparkların, sənaye məhəllələrinin də fəaliyyəti məhz bu prinsipin həyata keçməsinə xidmət edir. Bugünlərdə açılışı olan Hacıqabul Sənaye Məhəlləsi də məşğulluğun artırılması, vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət töhfəsini verəcək”.
Bölgələrdə istehsal edilən sənaye malları dünya bazarına çıxarılır
Ə.Hüseynov vurğulayıb ki, bu obyektlərin, yeni infrastruktur layihələrinin həyata keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, onların fəaliyyətə başlaması yerlərdə məşğulluğu təmin etməklə yanaşı, xarici ölkələrə yeni məhsulların ixrac edilməsinə də şərait yaradır: “Azərbaycanın bölgələrində istehsal edilən sənaye malları birbaşa dünya bazarına çıxarılır. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına imkan verir. Beləliklə, son nəticədə iqtisadi inkişafımızın dayanıqlı və davamlı olmasına əlverişli zəmin yaranır. Gördüyümüz kimi, bütün bunlar zəncirvari proses olaraq bir-birinə bağlıdır. Haqqında bəhs etdiyimiz dövlət proqramları və infrastruktur layihələrinin icrası həm dünya bazarına çıxış imkanları qazandırır, həm də daxildə ayrı-ayrı sahələrin inkişafına xüsusi diqqət ayrılmasına əlverişli şərait yaradır. Prezident İlham Əliyevin Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini şəxsən izləməsi də pambıqçılığın inkişafına xüsusi diqqət göstərilməsinin təsdiqidir. Dövlət başçısı rayonların iqtisadi inkişafının ixtisaslaşmalar yolu ilə təmin edilməsinə, hər bir bölgəmizin malik olduğu təbii resurslara və iqlim şərtlərinə uyğun olaraq spesifik kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Regionların inkişafına bu cür selektiv yanaşma olduqca səmərəlidir. Beləliklə, həmin sahələrin inkişafını daha da sürətləndirmək üçün müvafiq dövlət proqramları da təsdiqlənir. Fermerlərə dövlət dəstəyinin davamlılığı təmin edilir. Bütün bunlar isə son nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə, insanlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir.”
Ölkə başçımız bölgələrə səfərləri zamanı vətəndaşlarla görüşlər keçirir, onların təkliflərini diqqətlə dinləyir və bu təkliflər sonrakı proseslərdə mütləq nəzərə alınır
Həmsöhbətimiz həmçinin bildirib ki, əhalinin məşğulluq imkanlarının artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir: “Ölkə başçımız bu ümdə məqsədə nail olmaq üçün bölgələrə səfərləri zamanı vətəndaşlarla görüşlər keçirir, ayrı-ayrı vətəndaşların təkliflərini diqqətlə dinləyir və bu təkliflər sonrakı proseslərdə mütləq nəzərə alınır. Dövlət başçısı ilə vətəndaşların bu cür birbaşa təmasları yerlərdə əhalini narahat edən, həllini tapmayan bir sıra vacib məsələlərin diqqət mərkəzində saxlanmasına və onların həlli istiqamətində addımların atılmasına, operativ tədbirlərin görülməsinə imkan yaradır. Eyni zamanda, vətəndaşlarla görüşlərdə irəli sürülən təkliflər sonradan bu və ya digər layihənin həyata keçirilməsində mühüm rol oynayır. Odur ki, bölgələrimizdə bir sıra layihələrin məhz vətəndaşlarımızın təklifləri əsasında reallaşdırıldığını da ayrıca qeyd etməliyik. Bu da olduqca müsbət tendensiyadır.”
Hacıqabul öz tarixinin və taleyinin ən parlaq mərhələsinə qədəm qoyur
Müsahibimiz Prezidentin Hacıqabulla bağlı verdiyi sərəncamların xüsusi olaraq qeyd edilməli olduğunu xatırladıb: “Belə ki, dövlət başçısı Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb. Eləcə də dövlət başçısının digər sərəncamı Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındadır. 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Bu sərəncamlar da regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsinə xidmət edir. Maraqlıdır ki, sözügedən dövlət proqramı çərçivəsində hazırda ən çox işlər məhz Hacıqabul rayonunda görülüb. Bunu cənab Prezident də müsahibəsində ayrıca qeyd etdi. Dövlət başçısı bildirdi ki, “vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib”.
Partiya sədri qeyd edib ki, bütün bu işlər heç şübhəsiz ki, insanlarımız üçün daha rahat və daha gözəl yaşam şərtlərinin yaradılmasına xidmət edir: “Prezident də müsahibəsində qeyd etdi ki, açılışında iştirak etdiyi obyektlər bütövlükdə Hacıqabul rayonunun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək. Bu obyektlər, bu layihələr qədim və müasir Hacıqabulun simasını yaxşı mənada kökündən dəyişəcək və bu bölgənin iqtisadi tərəqqisinə böyük təkan verəcək. Başqa sözlə desək, indi Hacıqabul öz tarixinin və taleyinin ən parlaq mərhələsinə qədəm qoyur.”

