Professordan XƏBƏRDARLIQ: Azərbaycanda 4-cü dalğa BAŞLAYA BİLƏR
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalma müşahidə olunur. Belə ki, aprelin 27-də koronavirus infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 27 nəfər “COVID-19″dan vəfat edib. Azalma dinamikası davam edərsə, karantin rejimində növbəti yumşalmalara gedilə və açıq havada maska taxma məcburiyyəti ləğv edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, yoluxanların sayındakı azalma bizi qətiyyən arxain salmamalıdır:
“Çünki Hindistan ştammı daha təhlükəli və qorxuludur. Bu ştamda ikili mutasiya gedir. Əgər həmin ştamm dünyada yayılsa, bu, 4-cü dalğanın başlaması deməkdir. Bu ştamdan Hindistanda hər gün 3000 insan dünyasını dəyişir. Hindistanda küçələrdə kütləvi şəkildə insanlar yandırılır. Əslində bu qədər meyitin basdırılması da mümkün deyil. Artıq bu ştammın olması güman edilir. Bəzi alimlər virusun ikili mutasiyaya uğradığına görə bunu pandemiyanın yeni mərhələsi hesab edirlər.
Bu gün dünya çətinlik qarşısındadır. Bütün bunlar onu göstərir ki, koronavirusun yaxın həftələrdə bitməsi gözlənilmir. Ona görə də düşünürəm ki, bu şatmmın yayılmaması üçün biz karantin rejimini sərtləşdirməliyik. Belə bir təhlükə olduğu vaxtda karantin rejimində yumşalmaların olması 4-cü dalğanın başlamasına səbəb ola bilər. Eləcə də açıq havada maska taxmaq məhdudiyyətinin aradan qaldırılması ilə bağlı qərarın verilməsinə tələsmək olmaz. Hesab edirəm ki, hər kəs ehtiyatlı olmalıdır. Karantin qaydalarına əməl edilməsi vacibdir. Bu gün bütün dünyada insanlar yorulub, demək olar ki, bütün resurslar tükənib. Belə bir dalğa olsa, böyük itkilər ola bilər. Hazırda koronavirusla bağlı proqnozlar özünü doğrultmur. Pandemiyanın hələ də bitmək niyyəti yoxdur. Hindinstan ştammının özünü necə aparacağı da insanları narahat edir. Məhz buna görə də karantin qaydalarına ciddi əməl edilməsi vacibdir”.

