Cəbhədən Xəbər 

“Çiçəkləri dərməyə əlimiz gəlmir…”

İşğaldan azad edilmiş ərazidən reportaj

Vətən müharibəsi başlayana kimi səyyar xəyalımın heysiyyətlə dolaşdığı yerləri görüncə ürəyim qanayır; bu tərəflərə xəyallarımızın gözləriylə baxardıq. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. İndi o yerlərdəyik. Ancaq… Ancaq bu qədər qəddarlıq, bu səviyyədə düşmənçilik ağlımıza da gəlməzdi…

Zamanında Ağdam adı gələndə sarısını udan düşmən nələr törədib, nələr!

Ağdamda XVIII əsrə aid Pənahəli xan imarəti, Cümə məscidi, Şahbulaq kəndində XVIII əsrə aid karvansara, … dağıdılıb. Nadir Çörək muzeyi yerlə yeksan edilib. İlxıçılar kəndinin görünüşü ürəyimi qana döndərir. Qəbiristanlıqda baş daşlarının çoxusu yoxdu. Olan da ya böyrü üstədi, ya da iki bölünüb, yaralanıb, paralanıb.

Yadıma 1989-cu il düşür – “Xarı bülbül” festivalı. Qədir Rüstəmovun Qu nəğməsi – “Sona bülbüllər”inin möcüzə ifası düşür yadıma;

Vətən müharibəsindən əvvəl ön xətdə, səngərdə döyüş növbətçiliyindən qayıtmış əsgərlərlə kəlmələşirdik. Vətəndən danışmışdıq, döyüş əzmindən, qələbə ruhundan, şəhidlikdən, şəhidlərdən danışmışdıq. İndi o vaxtlar əsgərlərin istəklərlə baxdığı həmin ərazidəyik. Əsgərlərin baxışlarında qürur görürəm – Zəfərin qürurudu, şükranlıq görürəm – torpqlarımızın işğaldan qurtuluşunun şükranlığıdı, məsuliyyət görürəm – hərbi xidmətin məsuliyyətidi…

Əsgərlərə döyüşlər ərəfəsində zabit Rüstəm Məmmədovun dediklərini xatırladıram: “Əsgərlərimiz döyüş növbətçiliyindən döyüşə getməyi arzulayır. Hər biri döyüşmək, torpaqlarımızı döyüşə-döyüşə azad etmək niyyətindədir”. Onda “İctimaiyyət bu müqəddəs niyyətlə xidmət edənlərin qələbə qazanacağına yerə-göyə inandığı qədər inanır”, – demişdim. Zabit inamla qüdrəti döyüşlərin Döyüş bayrağı olacaq əsgərlərə baxmışdı. O baxışların eynini indi zabit Ruslan Novruzovun baxışlarında görürəm. Onda gördüyüm baxışlar inamıydı, indi gördüyüm baxışlar tarixi Zəfərə görə, torpaqlarımızın işğaldan azad edilməsinə görə minnətdarlıq baxışıdı…

Vətən müharibəsindən danışırıq.

Zabit Mirsadiq Zeynalov deyir ki, əsgər Səyyad Mirzəyev döyüşdə yaralanmışdı. Onu döyüşün içindən çıxartmışdılar. Qan itirdiyinə görə halsızlaşmışdı. Hospitala göndəriləndə getmək istəməmişdi, “Bu yaradan mənə ölüm yoxdu. Döyüşü davam etdirəcəm, ehtiyac olarsa, qələbədən sonra müalicə olunaram…” – demişdi. Bunu mənəvi kamillik bildik. Vətən müharibəsində əsgərlərimiz bu qətiyyətlə, bu inamla döyüşdü…

Xəlil Rza Ulutürkün “Torpaq gedər, qayıdar da, Tək millətdə ruh yaşasın!” misralarını  xatırladıram.

Sonra deyirəm ki, bu müharibə vətənpərvərliyin işğalçılıqla müharibəsiydi. Fikrimi zabit Ruslan Novruzov tamamlayır:

– Bu döyüşlər xalqın döyüşləriydi. Vətən müharibəsi xalqın müharibəsiydi. Hamı ürəyinin hökmü ilə döyüşənlərin sırasında olmaq istəyirdi.

Zabitin fikirləri mənə Vətən müharibəsində Murovdağ istiqamətində döyüşçülərlə söhbətləşməyə getdiyimiz anları xatırladır. Döyüş bölgəsinə yaxınlaşdıqca yollar boyunca bayraqlaşan əllər görürdüm, əsgərləri döyüşə aparan hərbi maşınların arxasınca uğur suyu atan analar görürdüm, mənə elə gəlirdi ki, anaların göz yaşları ürəyinə axır – döyüşə gedənlər anaların üzündə-gözündə yaş görməsin deyə, əli çənəsində, dirsəyi dizində qalan, baxışları döyüşlərə gedənləri uğurlayan atalar görürdüm, əsgərləri döyüşə aparan maşınlar gözdən itənə kimi yerindən tərpənməyən uşaqlar görürdüm, … Vətən müharibəsi xalqın müharibəsiydi. Murovdağ dağ silsiləsində, döyüşlərin “on-on beş addımlığında” döyüşçülərə göndərilmiş ana sovqatlarından birindən çıxan məktub hamının ruhunu güllə, mərmi səsləri gələn səmtə yönəltdi: ”…Əsgər balam, 29 il əvvəl şəhid olmuş oğlumun boğaz şərfini, əlcəklərini, bir də isti gödəkcəsini sənə göndərirəm. Şəhid qardaşınındı. Qələbədən sonra ilk qarşıma çıxan əsgəri bağrıma basacam, elə biləcəm ki, sənsən…” – Vətən müharibəsi xalqın müharibəsiydi…

Oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə komandir mayor Ramid Hacıyev şəhid olub. Onun səlahiyyətlərini zabit Mirsadiq Zeynalov öz üzərinə götürüb. Yadıma Böyük Vətən müharibəsində olmuş tarixi məqamlardan biri düşür: həlak olan zabiti döyüş gedə-gedə bəzən aşağı rütbəli zabit, bəzən əsgər əvəzləyib. Qələbə naminə. Komandirin şəhid olması döyüşün gedişində çaşqınlıq da yarada bilərdi. Mirsadiqin bu qətiyyəti o çaşqınlığı qabaqlayıb. Vətən müharibəsində döyüşün gedişində komandiri əvəzləyən  zabitlərimiz bölmələrin döyüşünü yuxarı komandanlığın əmrləri əsasında təmkinlə, səbrlə, hərbi taktikanın tələbləri səviyyəsində yerinə yetirib…

– Vətən müharibəsi Zəfərlə başa çatdı.Döyüş hazırlığımızı zabitlərimizin rəhbərliyi ilə Zəfərdən sonra da artırırıq. Zabitlərimizin, komandirimizin bütün əmrlərini, göstərişlərini qalib əsgər olaraq məsuliyyətlə yerinə yetiririk. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş əsgərlərlə söhbətləşəndə çağırışçı yaşımız olmasa da onlara həsədlə baxırdıq. Hərbi xidmətdə olmaq, ölkə başçısının əmriylə başlayacaq döyüşlərdə iştirak etmək istəyirdik, – əsgər Babək Xudiyev belə deyir və əsgər yoldaşlarına baxır. Yəni siz necə düşünürsünüz?

– Vətən müharibəsində biz də iştirak etdik. Ordumuz böyük Zəfər qazandı, – əsgər Elşad Səlimov əsgər yoldaşının fikrini belə tamamlayır.

İki il əvvəl bu səmtlərdə ezamiyyətdəydim. Səngərlərdə əsgərlərlə söhbətləşmişdik. Onların da baxışlarında çırpındıqca çırpınan döyüş əzmi görmüşdüm. Zabitin icazəsiylə döyüş növbətçiliyi aparan əsgərdən soruşmuşdum: “Oralarda çiçəklər açıbmı?”. Əsgər anlaya bilmədiyim qəribəliklə üzümə baxmışdı, “Oralarda çiçəklər boy göstərmir…” – demişdi. Səsində qəhər sezmişdim… İndi torpağın qaysaqlayan yaralarından cücərən çiçəklər görünür. “Burdan çiçək dəribsinizmi?” – soruşuram. Əsgərlər bir-birinə baxır, sonra mənə; dərməyiblər, o çiçəkləri dərməyə əlləri gəlməyib.

İşğaldan əvvəl bir-birinə bənzəməyən, hərəsinin öz gözəlliyi olan kəndlərimiz işğaldan sonra bir-birinin eynidi – hamısını ermənilik uçurub-dağıdıb. Qınayanım olmasa deyərdim ki, hamısı xarabalığı xatırladır. Soltanlı da belədi. Güllücə də. Ümumən işğaldan azad edilmiş bütün ərazilərimizdə də belədi…

Güllücə kəndinin görkəmi özünə yaraşmır; gülləri var, dərəni yoxdu, bir-birinə sığınmış çiçəklərin pərişan tellərini hörəni yoxdu, payızdan bu yana dirçələn, bar gətirən ağacların barını dərəni yoxdu…

– O dağıntılar erməniliyin təsdiqidi. Böyük Vətən müharibəsində faşistlər işğal etdikləri kəndləri bu günə salmırdı. Erməni faşizmi bəşəriyyətə düşmənçilikdi, – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rübail Soltanlı da belədi, Həmidov belə deyir.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq. Biz hərbi xidmətdən tərxis olunduqdan sonra o tikintilərdə əsgəri məsuliyyətlə işləmək fikrindəyik. Əminəm ki, bizim fikrimiz ailəmizin də könlünə yatacaq. Bizə xeyir-dua verəcəklər, – əsgər İzzət Hacıyev belə deyir. Onun hamımıza könül xoşluğu verən, zaman anlamında sabahları əhatələyən fikrini əsgər Hüseyn Yusubov tamamlayır:

– Yəni müharibə bitdi, döyüş bitdi, Zəfər qazanıldı, döyüş cəbhəsindən tikinti cəbhəsinə gedəcəyik…

Müharibənin ağrı-acılarını döyüşlərdən uzaqda olan bütün kəndlərin camaatı da çəkib. Hamının olduğu üçün həmin sıxıntıları, ağrı-acıları da dövlətin təsdiqləyəcəyi qrafik əsasında hamılıqla aradan qaldıracağıq.

“..bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal edilmiş və azad olunmuş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır”, – ölkə başçısının bu kəlamları hamımızın, elə ictimaiyyətin də inamının işığıdı. Vətənlə, dövlətçiliklə bağlı olan inamın işığı təkcə yaşanılan günlərin deyil, həm də sabahların işığıdı…

Əvvəllər məni əsgərlərin əhatəsindən döyüş əzmi, qələbə ruhu uğurlayırdı, indi qələbənin təntənəsi uğurlayır…

…Göy üzündə bir topa bulud dolaşmaqdadı. Görəsən yağış yağacaqmı?..

Rəşid Faxralı

Daha çox xəbərlər