Heydər Əliyev siyasətinin təntənəsi
Zəfərimiz ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirlərin təsdiqi və təqdimatıdır
Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaratdı. Çünki düşünülmüş və məqsədyönlü siyasət daim ölkəyə böyük uğurlar qazandırır, əsl söz sahibinə çevirir, müstəqil addım atmasını şərtləndirir. Məhz bunun nəticəsidir ki, ölkəmiz 30 ilə yaxın dövrdə 100 ilə bərabər inkişaf yolu keçib.
Tarixi paralellər fonunda müqayisəli təhlil aparsaq 1991-1993-cü ilin iyunadək olan dövr Azərbaycan tarixinə qara səhifə kimi yazılıb. Bu illərdə ölkəyə rəhbərlik edənlərin sərişəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdur. Bu illər şəxsi ambisiyalarının quluna çevrilənlərin xəyanətləri ilə dolu olan bir dövr idi. Torpaqlarımızın işğal olunması AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərində, eyni zamanda, 30-a yaxın xarici mətbuata müsahibələrində bu məqamı xüsusi qeyd edirdi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verdi, xilaskarlıq missiyasını yerinə yetirmək üçün hakimiyyətə qayıtdı, yeni Azərbaycan qurdu, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi qorudu və möhkəmləndirdi. Müasir müstəqil Azərbaycan səbəbsiz olaraq ulu öndər Heydər Əliyevin şah əsəri adlandırılmır.
Reallıq budur ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən-məhz dahi şəxsiyyət Heydər Əliyevin birinci hakimiyyəti dövründən başlayıb. Ümummilli Lider 1969-82-ci illərdə görülən işləri belə xarakterizə edirdi: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır. Həmin illərdə, həmçinin hərbi kadrların yetişdirilməsi üçün C.Naxçıvanski adına hərbi liseyin əsası qoyulmuş, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Həmin dövrün gəncləri sonrakı illərdə Azərbaycanın davamlı inkişafına öz töhfələrini verdilər. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti C.Naxçıvanski adına hərbi liseyin yetirmələridir. Hazırda daha çox bəhs etdiyimiz uğurlar sırasında Azərbaycanın ordu quruculuğunda qazandığı nailiyyətlər xüsusi qeyd edilir. 30 ilin işğalında son qoyan rəşadətli Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inkişaf edərək daha da təkmilləşdi, maddi-texniki bazasını möhkəmləndirdi, döyüş ruhunu artırdı. Müstəqilliyimizin ilk illərinə nəzər salsaq o illərdəki vəziyyət gənclərin ordu sıralarından da yayınmalarına səbəb olmuşdur. Fərarilik geniş vüsət almışdır. Amma 1993-cü ildən sonrakı vəziyyət tamamilə başqa bir ”mənzərəni” ortaya qoymuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkə olaraq güclü ordumuzun olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atdı. Azərbaycan gəncliyi özünə diqqət və qayğı fonunda hərbi xidmətə də böyük əhval-ruhiyyə ilə gedir, torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçməyə hazır olduqlarını bildirirdilər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyasının gəlməsi təbii ki, səbəbsiz deyil. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. Dahi şəxsiyyət bildirmişdir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri bəyan etdi. Sabitlik bütün inkişafın əsası kimi dəyərləndirildi. Bu çağırış xüsusi qeyd olundu ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı. Bunun da əsasını ilk Konstitusiyanın qəbulu şərtləndirdi. 1995-ci il 12 noyabrda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı dövr dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur. Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də daha şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.” Məlumdur ki, Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Ölkəmizin müstəqilliyini, uğurlarını gözü götürməyən daxili və xarici qüvvələr hər vəchlə Azərbaycanın demokratik inkişafına, bu yolda inamlı addımlarına mane olmağa səy göstərirdi. Bu gün əlaqələrimizin yüksək səviyyədə olduğu Avropa Şurasına qəbul zamanı ölkəmizin hansı çətinliklə üz-üzə qaldığı məlum olaylardandır. Lakin Heydər Əliyev qətiyyəti və səyi bütün bu maneələri dəf etdi, Azərbaycan demokratik dövlət quruculuğu yolunu sözdə deyil, əməldə sübut edərək, dünyanın ən nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurası üçün bir o qədər önəmlidir.
Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyinin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayırdı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin Cənub qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP və TAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə böyük uğurlar qazandırdığını bir daha dünyaya bəyan edir. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bütün bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi. Təbii ki, BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi. Cənab İlham Əliyev Cənub Qaz Dəhlizini görülən işlərin zirvəsi kimi dəyərləndirir.
Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Bu gün böyük inamla qeyd edirik ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün Dövlət proqramları təsdiqləndi və uğurla icra edilir. Bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrə hər səfəri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Son 17 ildə 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, bunun böyük qismi regionların payına düşür.
Dahi şəxsiyyət, eyni zamanda, bu çağırışı etmişdir ki, Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərlə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.” Müstəqillik yollarında yenicə addımlarını atan hər bir dövlətin özünü təsdiqləməsində, varlığı barədə aydın təsəvvür yaratmasında vacib şərtlərdən biri xarici siyasətini düzgün qurması önə çəkilirdi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə qurulması, ən əsası bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğuna xüsusi diqqət göstərilməsi Azərbaycan həqiqətlərinin, tarixinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Dahi şəxsiyyət harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Azərbaycan bu illər ərzində bütün sahələrdə gücləndi, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycanın bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanması Azərbaycan Ordusunun beynəlxalq hüquqa əsaslanan mövqeyimizə söykənərək göstərdiyi qəhrəmanlığın nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edərək ondan bir il sonra bunu həm döyüş meydanında, həm də informasiya cəbhəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi. Problemin həlli üçün möhkəm hüquqi baza mövcud olsa da, bu sənədlər yalnız kağız üzərində qalmışdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır. Amma 30 ilə yaxın dövrdə bu qənamələrin qəbulun iştirak edən, ən əsası münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr-ABŞ, Fransa və Rusiya Ermənistana beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu üçün heç bir təzyiq göstərmədi, əksinə, ərköyün uşaq kimi əzizlədilər. Sonda ağır nəticəni yaşayan, Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan oldu.
2003-cü ildən başlanan Böyük yolun davamı Azərbaycana daha möhtəşəm uğurlar qazandırıb. Dayanıqlı inkişafın təmin edilməsi üçün ciddi islahatların aparılması əsas hədəflərdən biri kimi qarşıya qoyuldu: «İslahatlara alternativ yoxdur… Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.» Uğurlara yol açan düşünülmüş və məqsədyönlü siyasət, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir. İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik. İdarəetmə sistemində təkmilləşmə, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimiz reallıqdır.
Zəfərimiz son 17 ildə görülən işlərin aydın mənzərəsini yaradır. Azərbaycan bütün istiqamətlərdə davamlı uğurlara imza atdı. Yeganə problemimiz yalnız Dağlıq Qarabağ münaqişəsi idi ki, onun da həll olunması üçün zamana ehtiyac var idi. Nəhayət, həmin zaman gəlib çatdı. Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri mütəlif istiqamətlərdə Azərbaycan ərazilərini atəşə tutanda bəlkə də düşünmürdülər ki, belə uğurlu əks-hücum əməliyyatları ilə üz-üzə qalacaqlar. Azərbaycan dövlətinin, xalqının səbr kasası dolmuşdu. Artıq «yetər» deyib silaha sarılmaq zamanı idi. Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazdı. 30 ilin işğalına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının məğrurluğunu, yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Vətən müharibəsi, eyni zamanda, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib ölkənin qalib Lideri kimi yazdı. Bu Zəfərimiz ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirlərin təsdiqi və təqdimatıdır.

