Filippin qəzeti ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə xüsusi məqalə həsr edib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Filippinin nüfuzlu “The Manila Times” qəzetində xüsusi məqalə dərc olunub.
ARANTV.AZ xəbər verir ki, məqalədə Azərbaycan xalqının hər il 10 may tarixində ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi xatırladılır, onun Sovet İttifaqı dövründən başlayaraq Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövr də daxil olmaqla, misilsiz siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı danışılır. Heydər Əliyevin müdrik siyasi xadim və xalqının Lideri olaraq ən çətin zamanda Azərbaycanda rəhbərliyə gəldiyi, xalqın inamını qazandığı və bu gün güclü iqtisadiyyata malik olan bir ölkənin təməlini qoyduğu bildirilir.
Yazıda 1993-cü ilin may-iyun aylarında Azərbaycanda baş verən hökumət böhranı nəticəsində Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəməsi, 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Prezident seçilməsi haqqında da məlumat yer alıb. Onun 1998-ci ildə yenidən dövlət başçısı seçildiyi, hakimiyyətdə olduğu dövrdə Azərbaycanın xarici siyasətinin yenidən qurulduğu, beynəlxalq aləmdə xalqımızın mənafelərinə xidmət edən balanslı siyasət yolu tutduğu vurğulanıb. Habelə Azərbaycanla digər ölkələr arasında ikitərəfli münasibətlərin və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirildiyi bildirilib.
Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin tarixində və xalqın yaddaşında əbədi olaraq Ümummilli Lider kimi yer tapdığı vurğulanan məqalədə onun layiqli davamçısı, xalqımızın rifahı üçün yorulmadan çalışan və böyük uğurlara imza atan Prezident İlham Əliyev haqqında da məlumat verilib. Dövlətimizin başçısının rəhbərliyi ilə regionda həyata keçirilən nəhəng iqtisadi layihələrdən, ölkəmizin sürətli inkişafından, Avropa məkanına inteqrasiyasından, Azərbaycanın uzun illər erməni işğalı altında qalan torpaqlarının azad edilməsində göstərdiyi əzm və iradədən, xalqımıza Zəfər sevinci yaşatmasından da geniş bəhs olunub.

