Gündəm 

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb

ARANTV.AZ xəbər verir ki, Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icrası  qrafikə uyğun davam etdirilir. Layihə, Xəzərin Azərbaycan sektorunda hasil olunan mavi yanacağın Avropa ölkələrinə ixracını həyata keçirəcək  seqmentləri əhatə edir.

Azərbaycan təbii qazının ixracı istiqamətində həyata keçirilən layihələrin icrası  uğurla davam etdirilir. Energetika Nazirliyinin yaydığı hesabata bildirilir ki, ötən ilin sonuna “Şahdəniz-2” layihəsi üzrə ilk qazın hasilatı üzrə ümumi işlərin 100 faizi, tammiqyaslı işlənmə üzrə görüləcək işlərin isə 92,3 faizi yerinə yetirilib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin 99,8, TANAP-ın inşası üzrə 98,8, TAP boru kəmərinin tikintisi üzrə işlərin isə 82,4 faizi başa çatdırılıb. Xatırladaq ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və oradan da Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Ötən il mayın 29-da  isə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Həmçinin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-dan başlayıb. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur.

Daha çox xəbərlər