Moskva Bakıya qapını açdı: amma o qapı bizə gərəkdir?
“Təşkilatın qapıları bütün ölkələrə, o cümlədən Azərbaycana açıqdır”.
Rusiya XİN başçısının müavini Andrey Rudenkonun dediyinə görə, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarına Azərbaycanın da qoşulması “normal addım və qərar” sayıla bilər.
“Azərbaycanın KTMT-yə qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın Nizamnaməsinin bəzi bəndləridir. Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi – bunun gec və ya tez baş verəcəyinə ümid edirik – məsələni praktiki səviyyəyə qaldırmaq olar”, – A.Rudenko deyib.
Rusiyanın XİQ başçısı Sergey Lavrovun bu açıqlaması Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarına maksimum dərəcədə malik olmaq istəyindən xəbər verir. Özü də Moskva əvvəlki dönəmlərdən fərqli olaraq, bu istəyini pərdələmək niyyətində deyil.
KTMT Azərbaycana nə verə bilər? İlk əvvəl bu suala cavab aramalıyıq.
Azərbaycan indiyədək heç bir hərbi birliyə qatılmayıb və Qoşulmama Hərəkatına sədrlik edən ölkədir. KTMT-yə üzv olmaq siyasi, geosiyasi və hərbi divididentlərlə üstünlüklər baxımından rəsmi Bakıya ciddi üstünlüklər qazandırmayacaq.
NATO-nun MDB-dəki analoqu qismində yaradılan və geostrateji məqsədi də bu olan KTMT son illərdə Azərbaycanın mövqelərini dəstəkləmək baxımından çox passiv mövqe tutmuşdu. İkinci Qarabağ Müharibəsi günlərində də KTMT sadəcə, “qayğısını və narahatlığını bildirmək”lə işini bitmiş hesab etmişdi.
Ən nəhayət, KTMT-yə üzvlük Azərbaycana Avropa Birliyi və NATO ölkələri ilə hərbi-texniki əməkdaşlıq müstəvisində problemlər yarada bilər.

Xatırladaq ki, KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.
Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi. KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçmişdir.
KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. “Rubej 2008” adı altında Ermənistanda təşkil olunan hərbi təlimdə üzv ölkələrin hər birindən ümumilikdə 4000 nəfər iştirak etmişdir. Bu cür təlimlər zamanı üzv ölkələr arasında kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə operativ, taktiki və strateji məşqlər təşkil olunur. Belə təlimlərdən ən genişmiqyaslısı isə 2011-ci ildə Mərkəzi Asiya və Cənubi Rusiyada təşkil olunmuşdur. Bu zaman ümumilikdə 10.000 nəfər hərbçi və 70 döyüş aviasiyası təlimlərə cəlb olunmuşdur. Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.
KTMT-də rotasiya qaydasında sədrlik sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir.

