28 Mayı şanlı Qələbəmizin böyük sevinci ilə qarşılayırıq
Qoca Şərqin tarixində, türk dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq tariximizin unudulmaz və şanlı səhifələrindəndir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Milli Şurasının tarixi 1918- ci il mayın 28-də isə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında qəbul edilən “İstiqlal Bəyannaməsi” ilə Xalq Cümhuriyyətinin əsası qoyuldu. 23 aylıq fəaliyyəti dövründə xalqımızın mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına böyük təsir göstərdi.
Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Ona görə müstəqil Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Bununla belə, qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cəmi iki il mövcud osa da, Cümhuriyyətimiz xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha da çətindir.
XX əsrin 90-cı illərində Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etdi.
Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində xalq cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında Sərəncam imzaladı.
Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün tərəqqi dövrünü yaşayır. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Ölkəmizdə milli-mənəvi dəyərlərimizə, tariximizə, onun təbliğinə xüsusi diqqət yetirlir. Bu baxımdan ölkəmizin başçısının 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalaması mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.
Bu il xalqımız Respublika Gününü torpaqlarımızın işğaldan azad edilməsi sevinci ilə qarşılayır. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu, respublikamızın ərazi bütövlüyünü təmin etdi. Prezidentimizin qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan dövləti bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğunu sübut etdi. Torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə Cümhuriyyətimizi elan edən və onu 23 ay yaşadan qurucu babalarımızın, o millət fədailərinin də ruhu şad oldu.

