Cəbhədən Xəbər 

Döyüşdə “Qarabağ şikəstəsi” oxundu

Şəkilin sözü

Azərbaycan musiqisi həm də ona görə bunca sevilir ki, bunca ehtiramlarla dinlənilir ki, təkcə könülləri süsləmir, həm də düşüncələrə sarılır, düşüncələri tərpədir, yaşanılan anlarla yaşanılacaq anların arasında mənəvi körpüyə dönür. Min illərdi belədi…

Azərbaycan musiqisi sevincin musiqisidi, həsrətin musiqisidi, qəhərin musiqidi, döyüş ovqatının, döyüşün, Zəfərin musiqisidi, …

Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan ibarət diviziyalar da qətiyyətlə, mərdliklə döyüşürdü. Döyüşənlərin sırasında şairlər də vardı, yazıçılar da – o illərdə Azərbaycan ədəbiyyatı da, incəsənəti də, mədəniyyəti də müsəlləh əsgər idi. Azərbaycanlılar döyüşlərdə də, arxa cəbhədə də dünyaya görk olmuşdu. Bu görk döyüş əzminin davamı olan qələbə ruhuna tən olan görk idi…

Musiqinin qələbə naminə güc, qüdrət olduğunu görənlər, bilənlər bir həqiqəti etiraf edirdi: bu musiqi dinc dövrdə də, müharibədə də dünyanın heyrəti olub. Böyük Vətən müharibəsində neçə yaralı əsgər Şövkət xanımın oxumasını eşidincə dikəlib, gözlərinin işığı artıb, döyüşlərə getməyə qərar verib…

Birinci Qarabağ müharibəsində ön xətdə – Tərtərdə Mələkxanım Əyyubovanın oxuduğu muğamlar, mahnılar da belə dinlənilmişdi. Onda bir ayağı amputasiya olunmuş Şərif adlı keçmiş döyüşçünün qar yağa-yağa tək ayağı üstə rəqsi duyğuları coşdurmuşdu, yaraları nisbətən yüngül olan döyüşçülər palatadan həyətə çıxmışdılar. Az sonra belə coşqu palatalarda da yaşanılmışdı. Yəni musiqimiz yaralıların məlhəmi olmuşdu sanki…

Neçə on illərdən sonra – Vətən müharibəsində Azərbaycan musiqisi Azərbaycan əsgərinin qüdrətinə köklənmişdi. Musiqimiz Qələbəyə sarılmağa macal tapmamış Qələbə musiqimizə sarılırdı. Bu ecazkarlıq döyüşçülərin ruhunun çağırışına dönürdü.

Ordu hissələrimiz düşmənin müdafiə səddini dağıtmışdı, əks-hücum əməliyyatı – Vətən müharibəsi mövqe qələbələriylə davam edirdi, yaşayış məntəqələrimiz düşməndən təmizlənirdi…

…Döyüş başa çatmışdı, mövqe qələbəsi qazanılmışdı. Bu ruh, bu ovqat könül-könül dolaşırdı, müjdə biçimində döyüşlərdən uzaqlara yol alırdı, yamac keçir, yal aşırdı.

Qələbə ovqatı neçə-neçə döyüşçünün könül mülkünün səyyarəsinə dönürdü. Sonralar məmləkətin yaddaşına hopan bir gözəl oxuma – Xudayarın oxuduğu təsnif də belə tarixləşmişdi.

Mövqe döyüşünün qələbə sonluğu gümüldənən, zümzüməsiylə sevincinə dədə boyu verən ağdamlı döyüşçünün əlindən yapışıb tankın üstünə çıxartmışdı..  Oxumağa giriş kimi “Arazbarı” səslənmişdi, sonra yaranışından ruhun çağırışı kimi, yerlərin də, göylərin də ruhunun heyrəti kimi dinlənilən “Qarabağ şikəstəsi”…

Bu möcüzə ritmik muğamların möcüzəsinə (gözlənilməz məqamda ifasının yeri göyə dikəltdiyinə) ağdamlı döyüşçünün döyüşçü yoldaşları da inanmışdı, biz də inanmışıq. Onda “Könlüm keçir Qarabağdan…” niyyətinin işığında Qarabağda Zəfər bayrağı dalğalandırdı o tankın ekipajı. Könlüm mənə deyir ki, o bayrağı “Qarabağ şikəstəsi”nə dəruni sevgi dikəldibmiş. Ağdamlı döyüşçü işğaldan azad edilmiş ərazilərdə bu ritmik muğamı

Gör necə bayraqlaşıb

Ruhumuz Qarabağda, –

misralarıyla tamamlayıb yəqin. Bu ruh yaşarı ruhdu, dünyəvi ruhdu, bəşəriliyə yol göstərən ruhdu!

Oxu, əsgər qardaşım!

Daha torpaqlarımızda sərhəd olmayacaq. Ruhumuzun mənəviyyat qibləsi olan musiqimizi – muğamlarımızı, xalq mahnılarımızı, bəstəkarlarımızın bunlardan boy göstərən musiqilərini səndən sonra sərhədlərimizi qoruyan əsgərlərimiz oxuyacaq. Belə oxumaları dünya pərişan könlünə təsəlli kimi dinləyir, dinləyəcək. El arasında deyildiyi kimi, paxılın goru cəhənnəmdi…

Qoy, Yer də dinləsin, Göy də dinləsin, Azərbaycan əsgəri, “Qarabağ şikəstəsi”ni! Oxuyun!

Rəşid Faxralı

Daha çox xəbərlər