“Turizm haqqında” qanun yenilənir
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda turizmin inkişafı bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini də zəruri edir. Bir sıra yenilikləri özündə əks etdirən “Turizm haqqında” yeni qanun layihəsi hazırlanır. Layihə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin yaz sessiyasının qanunvericilik işləri planına salınıb.
Mövcud statistika göstərir ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır. Bu, turizmdən gələn dövriyyə vəsaitlərinin artması ilə də nəticələnir. Dünyada inkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur. Dünyada olduğu kimi, Azərbaycanda da bu sahənin inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını ölkədə prioritet elan edib. Turist axınına təsir edən mühüm amillərdən biri viza rejiminin sadələşdirilməsi olub ki, bu istiqamətdə “ASAN Viza” sistemi yaradılıb. Eləcə də digər sahələrdə olduğu kimi turizm sektorunda əlverişli biznes mühiti yaradılıb. Bu sahənin inkişafı üçün atılan növbəti addımlardan biri “Turizm haqqında” qanunun yenilənməsidir. Yeni qanun layihəsi bu il Milli Məclisin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılacaq.
Son zamanlar əhalinin məşğulluğunun təmin olunması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara əmək bazarının tələblərinə uyğun peşə və bacarıqların öyrədilərək əmək bazarına qaytarılması sahəsində mühüm addımlar atılır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bu istiqamətdə sahəvi qanunların hazırlanıb qəbul edilməsinin görülən işlərə əlavə dəstək olacağı bildirildi.
Dövlət başçısının əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi üçün müvafiq fərmanının icrası məqsədilə bir sıra qanunlara da dəyişikliklər təklif olunur.
Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə olundu.

