Siyasət 

Azərbaycanda əlilliyi olan şəxslərin təhsili, işlə təminatı, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır

ARANTV.AZ xəbər verir ki, Strasburqda AŞPA-nın qış sessiyası davam edir. Sessiya çərçivəsində əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində ölkəmizin uğurlu təcrübəsindən danışılıb. Mədəniyyət, elm, təhsil və media komitəsinin təqdim etdiyi “İnternet və insan hüquqları” mövzusunda məruzənin müzakirəsi zamanı isə Azərbaycandakı azad internet mühitindən bəhs olunub.

Azərbaycanda əlilliyi olan şəxslərin təhsili, işlə təminatı, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik, həm də hökümət səviyyəsində ciddi addımlar atılır. Bu fikirlər Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında səsləndirildi. “Əlilliyi olan şəxslər  işçi qüvvəsi kimi” mövzularına həsr edilən müzakirələr zamanı azərbaycanlı parlamentarilər ölkəmizin bu sahədəki təcrübəsi haqqında ətraflı məlumat verdilər. Qeyd edildi ki, əlillərin işlə təminatı ilə bağlı qanunvericilikdə zəruri islahatlar aparılıb. Qanuna əsasən, Azərbaycanda dövlət və ya özəl sektor olmasından asılı olmayaraq, iş yerində hər 25 işçidən biri əlilliyi olan şəxs olmalıdır. Əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilib. Avropa Şurası Parlament Assambleyası üzvlərinin diqqətinə o da çatdırıldı ki, Azərbaycanda 50 mindən artıq insan Ermənistanın təcavüzü nəticəsində əmək qabiliyyətlərini itirib və əlillik dərəcəsi alıb. Erməni terrorunun və bu günə qədər cəzasız qalan cinayətlərinin qurbanı olan bu insanlar münaqişənin tezliklə həllini gözləyir. Bu yolda aidiyyatı beynəlxalq qurumlardan, o cümlədən Avropa Şurasından əməli addımlar atmasını tələb edirlər. Parlament Assambleyasında müzakirələr zamanı bildirilib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün ilk və vacib məsələlərdən biri inklüziv təhsildir. Azərbaycan həyata keçirdiyi layihələrlə bu sahədə də Avropada ön sıralarda yer tutur. Ölkəmizdə  “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” qanun qəbul edilib. “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar proqram təsdiqlənib. Bu proqram 30-dək təhsil müəssisəsini, 100-lərlə əlil uşağı əhatə edib. Müzakirələr zamanı Azərbaycanın əlil vətəndaşlara dövlət qayğısı yüksək qiymətləndirildi.  Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində assambleyanın mədəniyyət, elm, təhsil və media komitəsində təqdim olunan “İnternet və insan hüquqları” mövzusunda məruzənin müzakirəsi zamanı da  Azərbaycandakı azad internet mühitindən bəhs olundu. Bildirildi ki, ölkəmizdə kifayət qədər münbit media mühiti var. Diqqətə çatdırıldı ki, Azərbaycanda bu gün 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet var, 100-ə yaxın jurnal nəşr olunur. Azərbaycanda bu gün 3 milyondan çox insan sosial şəbəkədən istifadə edir. Əhalisi 10 milyon olan bir ölkə üçün bu sahə üzrə rəqəmlər qənaətbəxş hesab edilir.

Daha çox xəbərlər