Siyasət 

Zaman bizim xeyrimizə işləyir

Artıq bölgədə saatlar Azərbaycan vaxtına uyğun qurulur

Azərbaycan dövləti bu gün regionda elə bir geosiyasi üstünlüyə sahibdir ki, artıq beynəlxalq aləm bizim mövqelərimiz və haqlı tələblərimizlə hesablaşmaq məcburiyyətindədir. Xüsusilə ötən ilin 44 günlük Qarabağ müharibəsindəki şanlı Qələbəmiz Cənubi Qafqazla bağlı reallıqlara yenidən və həm də əyani şəkildə aydınlıq gətirdi. Belə ki, bu savaş və onun nəticəsi bütün dünyaya praktik şəkildə nümayiş etdirdi ki, Azərbaycan yerləşdiyi regionun həm siyasi, həm də iqtisadi və hərbi gücüdür. Bu Qələbə Azərbaycanın Cənubi Qafqazda lider və aparıcı dövlət kimi statusunu daha da yüksəltdi. Bütövlükdə isə ərazi bütövlüyünü bərpa etməklə respublikamız beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Levon-Ter Petrosyan: Bu gün Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur

Hətta Ermənistanın eks-prezidenti Levon-Ter Petrosyan açıq şəkildə etiraf edir ki, bu gün Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur. Onun sözlərinə görə, Azərbaycan nəinki MDB məkanında, hətta Avropada Ermənistanı ideoloji-siyasi dalana dirəyib. Xüsusilə işğalçı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri Ermənistana rəğmən Azərbaycanla daha ciddi iqtisadi-hərbi əməkdaşlığa malikdirlər.

Bəli, artıq zaman Azərbaycan dövlətinin xeyrinə işləyir. Xüsusilə 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra işğalçı Ermənistan bütün istiqamətlərdə iflas həddinə çatdırılıb. Vaxtı ilə mifləşdirilmiş Ermənistan ordusundan indi geridə əsgərləri fərarilik edən, generalları korrupsiyalaşmış qeyri –nizami hərbi dəstələr qalıb. Hətta erməni generaliteti o dərəcədə psixoloji sarsıntı keçiriblər ki, müzəffər Azərbaycan Ordusu ilə açıq döyüşlərdən imtina fikirlərini dilə gətirirlər. Azərbaycanla Ermənistan arasındakı sərhəddə Azərbaycan Ordusunun göründüyü yerdə Ermənistan ordusunda geri çəkilmək, susmaq instinkti hökm sürür. Bu, onların ordumuzdan ciddi şəkildə qorxmaları, Azərbaycan əsgərinin onlara yenidən ciddi dərs verə biləcəyi anlamını verir.

Zaman Azərbaycanın xeyrinə həm də ona görə işləyir ki, Ermənistan siyasi hakimiyyətində ciddi xaos, kəskin qarşıdurma var. Faktiki olaraq bu gün Ermənistan hakimiyyəti iflic durumdadır. Nikol Paşinyanın əsas nazirlikləri istefa səbəbi ilə başsız qalıb. Hətta Ermənistan xarici işlər nazirliyindəki istefalar nəticəsində bir nəfər də olsun müavin səviyyəsində rəsmi nümayəndə qalmayıb.

İyunun 20-də Ermənistanda növbədənkənar keçiriləcək parlament seçkiləri ciddi siyasi və hərbi qarşıdurma şəraitində keçir. Ermənistan ordusu və xüsusi xidmət orqanları parçalanmış vəziyyətdədir. Onlardan bir qrup Paşinyana dəstək versə də, digər qrup müxalifəti dəstəklədiyini etiraf edir.

Ermənilər niyə gələcəyə nikbin baxa bilmirlər?

Daha bir önəmli fakt isə odur ki, Xankəndidəki ermənilər də gələcəyə nikbin baxa bilmirlər. Onlar artıq Xankəndidə qalmaq istəmirlər və yaxşı anlayırlar ki, gec-ya tez torpağın sahibləri azərbaycanlılar öz evlərinə qayıdacaqlar. Qarabağ erməniləri anlayırlar ki, iflas olmuş Ermənistan artıq erməniləri qoruyacaq gücdə deyil. Ona görə də Qarabağı tərk edərək hətta Ermənistana deyil, daha uzaq ölkələrə üz tuturlar. Eks- prezident Robert Koçaryan müharibədən sonra ölkəni 80 minədək vətəndaşın tərk etdiyini bildirib və buna görə Paşinyan hakimiyyətinin xəcalət çəkməsini istəyib.

Azərbaycan Ordusunun Cənubi Qafqazda hərbi güc olması faktına gəldikdə isə, bu, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən və geosiyasi balanslaşdırmanı zamanında və dəqiq yaratmasından qaynaqlandı. Prezident ordu quruculuğunu daim diqqət mərkəzində saxladı. Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması üçün ən müasir hərbi texnika qoşun növlərinin arsenalına daxil edildi. Ordumuzun inkişafı və arsenalını gücləndirməsi hərbi sahə üzrə ixtisaslaşmış reytinq agentliklərinin də diqqətindən yayınmayıb. İndiyədək paradlarda nümayiş etdirilən hərbi texnikalar, düşmənə müasir döyüş imkanları ilə zərbələrin vurulması Silahlı Qüvvələrimizin ən güclülər sırasına daxil olmasının təsdiqidir.

Beynəlxalq münasibətlər sisteminin bugünkü mənzərəsi də göstərir ki, güc amili yaranan problemlərin həllində əsas rol oynayan vasitəyə çevrilib. Artıq elə bir dövrə gəlib çatmışıq ki, beynəlxalq hüquq və onun prinsiplərinin toxunulmazlığı aktuallığını itirib. Elə Ermənistan da beynəlxalq hüququn norma və prinsiplərini tapdaladığı üçün Azərbaycan güc yolu ilə onu cəzalandırdı. Prezident İlham Əliyev həmişə bildirirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ordumuz öz sözünü deyəcək. Proqnozlar da ondan ibarət idi ki, müharibə başlayarsa, yüksək keyfiyyət göstəricilərinə malik olan ordumuzun qarşısında Ermənistan duruş gətirə bilməycək. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu xüsusilə Şuşanın işğaldan azad olunması əməliyyatlarında fövqəladə döyüş taktikası həyata keçirdi ki, beynəlxalq hərbi ekspertlər bunu dünya hərb tarixində bir ilk adlandırdılar. İndi bu döyüş taktikası artıq bir çox ölkələrin ordularında əsas hərbi təlim kimi həyata keçirilir.

Daha çox xəbərlər