Gündəm 

Gəmilərin hərəkətinin təhlükəsizliyi bir mərkəzdən təmin edilir

ARANTV.AZ xəbər verir ki, Xəzəryanı dövlətlər içərisində ilk olaraq ölkəmizdə yaradılan Dövlət Dəniz Agentliyinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi Azərbaycan bayrağı altında üzən gəmilərin hərəkətinə tam nəzarət edir. Hətta Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq sayəsində bu ölkələrin gəmilərinin hərəkətinin təhlükəsizliyinə də köməklik göstərilir.

Bu dialoq ilk baxışda bir çoxumuza qəribə gələ bilər, amma həmin qısa danışıq, gəmiçilərin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli informasiyadır. Dövlət Dəniz Agentliyinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzində gün ərzində 24 saat müxtəlif istiqamətlər üzrə fasiləsiz olaraq bu cür məlumatlar ötürülür və qəbul edilir. Burada quraşdırılan yüksək texnoloji avadanlıq sayəsində Azərbaycan, eləcə də xarici sularda dövlət bayrağımız altında üzən bütün gəmilərin hərəkətini izləmək mümkün olur, onlarla əlaqə saxlanılır, mütəmadi məlumatlar verilir.

Mərkəzdə mövcud olan müasir rabitə avadanlığından biri də aviasiya rabitəsidir. Bu xidmət axtarış-xilasetmə əməliyyatları zamanı baş verə biləcək hadisələrə çevik reaksiya verilməsində vacib rol oynayır. Bundan başqa, Azərbaycanın sahil boyu bütün ərazilərində rabitə stansiyaları mövcuddur. Bu stansiyaların təhlükəsizliyinin təminatı və stansiyalarda hər hansı hadisənin qarşısının operativ şəkildə alınmasını təmin etmək üçün bütün stansiyalar daim online kameralarla müşahidə olunur. Bununla yanaşı, Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilir, onların hərəkətinin təhlükəsizliyinin təmini, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatlar gəmilərə çatdırılır. Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq sayəsində isə bu ölkələrin gəmilərinin hərəkətinin təhlükəsizliyinə köməklik göstərilir.

Mərkəz Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ilə sıx əməkdaşlıq edərək qarşılıqlı məlumat mübadiləsi həyata keçirir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından Avropanın bir çox qabaqcıl dövlətlərinin oxşar qurumlarından daha üstündür. İşə cəlb olunan mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər. Respublikamızda dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülən işlər müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir.

Daha çox xəbərlər